Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınmış yol qəzası zamanı paytaxt sakini xəsarət alıb
Bakı, 8 avqust, AZƏRTAC
Bu gün saat 12:17-də Muğanlı-İsmayıllı avtomobil yolunun 2,5-ci kilometrliyində Ağsu rayonunun ərazisində 1983-cü il təvəllüdlü Hüseynov Elmir Mayıl oğlunun idarə etdiyi “MAN” markalı, 77-CV-760 dövlət qeydiyyat nişanlı avtobusun əyləc sistemində yaranmış texniki nasazlıq səbəbindən nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq torpaq əraziyə sürüşüb.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən paytaxt sakini 1973-cü il təvəllüdlü Əmirova Gülayə Qaçay qızı xəsarət alaraq Şamaxı Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Sürücü E.Hüseynov ilkin ifadəsində sərnişinlərinin tur şəklində Qəbələyə səfər edən şəxslər olduğunu və daşımanı qeyri-rəsmi olaraq şifahi razılaşma əsasında həyata keçirdiyini bildirib.
Hadisə yerinə cəlb olunan Baş Dövlət Yol Polisi İdarəsinin 4-cü taqımının əməkdaşları avtobusdakı sərnişinlərin, eləcə də digər nəqliyyat vasitələrinin təhlükəsizliyi üçün zəruri tədbirlər görüblər.
Faktla bağlı araşdırma aparılır.