“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının “Vikipediya” səhifəsi yaradılıb
Bakı, 8 avqust, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Vikipediya” qrupu tərəfindən onlayn ensiklopediyanın Azərbaycan dili bölməsində məqalələrin yaradılması prosesi uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, institut əməkdaşları tərəfindən “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının “Vikipediya” səhifəsi yaradılıb. “Vikipediya”da yaradılan məqalədə jurnal haqqında ətraflı məlumat verilib, o cümlədən onun nəşri, redaksiya heyəti və qrupu, beynəlxalq məsləhətçiləri və digər informasiyalar diqqətə çatdırılıb. Qeyd edilib ki, jurnalda dünya, o cümlədən türk xalqlarının ədəbiyyatlarının qarşılıqlı müqayisəli təhlili istiqamətində elmi məqalələr çap olunur. Nəşrdə Azərbaycan dili ilə yanaşı, türk, rus, ingilis dillərində yerli və xarici müəlliflərin məqalələri yayımlanır. Jurnal 2004-cü ildən 2018-ci ilə qədər “Ədəbi əlaqələr” adı ilə nəşr olunub. Əvvəl toplu kimi çap olunub, 2014-cü ildən isə jurnal kimi qeydiyyatdan keçib. Jurnal 2019-cu il fevralın 19-da “Müqayisəli ədəbiyyatşünaslıq” adı ilə yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.