Mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın müstəqil və qətiyyətli siyasəti ŞƏRH
Bakı, 4 mart, AZƏRTAC
Son dövrlərdə regionda müşahidə olunan mürəkkəb geosiyasi proseslər və silahlı münaqişələr fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası həm xarici, həm də daxili siyasət müstəvisində ardıcıl və strateji addımlar ataraq mühüm nailiyyətlər əldə etməkdədir. Dövlətimizin başçısının praqmatik, çevik və uzaqgörən siyasi kursu nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirib, regional təhlükəsizlik, enerji diplomatiyası və nəqliyyat-kommunikasiya layihələrində əsas aktorlardan birinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Əfəndi İbrahimli deyib.
Onun sözlərinə görə, ölkəmiz artıq təkcə regionun deyil, daha geniş coğrafiyanın strateji tərəfdaşı kimi çıxış edir.
“Bununla yanaşı, daxili sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sosial rifahın yüksəldilməsi və institusional islahatların davam etdirilməsi Azərbaycanın davamlı inkişaf modelini daha da gücləndirir. Dövlət siyasətində milli maraqların prioritetliyi və müstəqil qərarvermə prinsipi əsas xətt kimi qorunur”, - deyə politoloq vurğulayıb.
Əfəndi İbrahimli, həmçinin diqqətə çatdırıb ki, bu gün Azərbaycan mürəkkəb və dəyişkən beynəlxalq şəraitdə öz suverenliyini və milli maraqlarını qətiyyətlə müdafiə edən, müstəqil və çoxşaxəli xarici siyasət yürüdən, strateji hədəflərinə ardıcıl və sistemli şəkildə irəliləyən dövlət kimi mövqeyini daha da möhkəmləndirməkdədir.