İDMAN
“Murov” voleybol klubu “Xarı bülbül”ə, “Neftçi” isə MOİK-ə qalib gəlib
Bakı, 13 aprel, AZƏRTAC
Voleybol üzrə kişilər arasında Azərbaycan birinciliyində final mərhələsinin növbəti oyunları keçirilib. Voleybol Mərkəzində “Murov” və “Xarı bülbül” çempionluq, MOİK və “Neftçi” isə üçüncülük yolunda bir daha meydana çıxıblar.
AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşması “Murov” və “Xarı bülbül” klubları arasında olub. Cütün ilk matçında 3:1 hesabı ilə qələbə qazanan “Murov” bu oyunda 3:0 (25:18, 25:18, 25:16) hesablı qələbəyə sevinib.
Daha sonra meydana MOİK və “Neftçi” komandaları çıxıblar. Cütün ilk görüşündə quru hesabla qalib gələn “Neftçi” bu dəfə MOİK-in daha ciddi müqaviməti ilə rastlaşıb. Bununla belə, “Neftçi” rəqibini 3:1 (16:25, 25:23, 25:17, 25:23) hesabı ilə məğlub edərək bürünc medala bir qədər də yaxınlaşıb.
Qeyd edək ki, ölkə birinciliyinin reqlamentinə əsasən, komandalar üç qələbəyədək mübarizə aparır. Bu mərhələnin növbəti qarşılaşmalarının tarixləri ilə bağlı məlumat veriləcək.