Müsabiqələrdə uğur qazanan 12 yaşlı saz ifaçısı istedadı ilə dinləyənləri heyran qoyur
Gədəbəy, 1 aprel, Vüsalə Cənnətova, AZƏRTAC
12 yaşlı Elcan Məmmədzadə Gədəbəy şəhər Uşaq İncəsənət Məktəbinin 2-ci sinif şagirdidir. Xalq çalğı alətləri şöbəsində saz ifaçılığı üzrə təhsil alan Elcanın yaşı az olsa da, məharəti, istedadı hər kəsi özünə heyran qoyur. Onun əsrlərin yadigarı olan sazda ifası dinləyənlərin qəlbini riqqətə gətirir.
AZƏRTAC-ın bölgə müxbiri bu balaca oğlanın təhsil aldığı məktəbdə olub, onun istedadının haradan qaynaqlandığının və necə cilalandığının şahidinə çevrilib.
Kiçik Qafqaz dağlarının qoynunda yerləşən əsrarəngiz təbiətli Gədəbəy aşıqlar diyarıdır. Burada neçə-neçə sənətkar ecazkar musiqi aləti olan sazın eşqinə aşıq poeziyasının nadir incilərinə, dastanlara, saz havalarına həyat verib, milli-mənəvi dəyərlərimizi əsrlərdən-əsrlərə daşıyıb. 12 yaşlı bu oğlan da köklərindən ilhamlanaraq saza maraq göstərib, onda ifanın sirlərinə ən mükəmməl şəkildə vaqif olmaq istəyir. Yuxarı sinif şagirdlərinin belə çətinliklə öyrəndiyi musiqi əsərlərinin öhdəsindən böyük məharətlə gələn Elcan dəfələrlə müxtəlif tədbirlərdə iştirak edərək diqqəti cəlb etməyi bacarıb, müsahibələrdə uğur əldə edib. Bu il o, “Astana Stars" Beynəlxalq festivalının təşkilatçılığı ilə keçirilən "Azərbaycan ulduzları" 1-ci Beynəlxalq İncəsənət Müsabiqəsində uğur qazanaraq III yerə layiq görülüb.
“Musiqi mənim üçün bir dünyadır. Hər bir havanı ruhumla ifa etməyə çalışıram. Müəllimimin üzərimdə böyük əməyi var. Buna görə müsabiqəyə qatılaraq "Osmanlı divanisi" saz havasını ifa etdim və nəticə qazandım. Hər kəsin çox xoşuna gəldi. Yeni müsabiqələrə qatılmaq və uğur qazanmaq istəyirəm”, - deyə Elcan Məmmədzadə həvəslə danışır.
Onun müəllimi, Gədəbəy şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Aqil Məmmədov Elcanın böyük potensiala malik olduğunu bildirir. Onun məharəti texniki baxımdan çətin ifa üsullarından istifadəyə imkan verir. 12 yaşlı şagirdinin musiqi sənətində parlaq gələcəyinə, ölkəmizi ən yaxşı şəkildə təmsil edə biləcəyinə inanan müəllimi deyir ki, o, ifası zamanı musiqini bütün varlığı ilə hiss etməyi və dinləyicilərinə lazımınca ötürməyi bacarır. “Elcan I sinfə gələndə hiss etdim ki, onun həqiqətən istedadı var, mütləq uğur qazanacaq. Elə də oldu. Ötən il Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil edilən müsabiqədə I yerə layiq görüldü. Bu il də nailiyyəti ilə bizi sevindirdi. Hazırda Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalına hazırlaşır. Ümumiyyətlə bütün şagirdlərimizə incəsənətin sirlərini ən yaxşı şəkildə öyrətməyə çalışırıq”, - deyə Aqil Məmmədov qeyd edir. 1970-ci ildən fəaliyyət göstərən Gədəbəy şəhər Uşaq İncəsənət Məktəbində Elcan Məmmədzadə ilə yanaşı, 285 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. Dərslər fortepiano, saz, tar, qarmon, nağara, xanəndəlik və təsviri incəsənət ixtisasları üzrə aparılır. Məktəbdə Elcan Məmmədzadə və məktəbin digər şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblı və xor kollektivi də mövcuddur. Uşaq İncəsənət Məktəbinin kollektivinin əsas hədəfi şagirdlərdə mədəniyyətə maraq oyatmaq, incəsənətin müxtəlif növlərinin lazımınca tədrisi, bədii-estetik zövqün tərbiyə edilməsi, yeni istedadların üzə çıxarılması, xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.