Musiqişünas alimin beynəlxalq simpoziumda çıxışı maraqla qarşılanıb
Bakı, 16 yanvar, AZƏRTAC
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi Əməkdar incəsənət xadimi Sürayə Ağayeva Antalyada “Rast” 2-ci beynəlxalq musiqişünaslıq konqresində çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, S.Ağayeva tədbirdə muğam janrının türk köklərinin tədqiqi problemi haqqında məlumat verib. O, ilkin yazılı qaynaqların - müxtəlif Şərq dillərində qələmə alınmış orta əsr əlyazmalarının müqayisəli elmi təhlili əsasında orta əsr aşıqlarının - baxşıların ifasında türk çalğı alətlərində səslənən “Üşşaq”, "Nəva" və bu kimi muğamların türk köklərinə malik olmasına dəlalət edən faktlar təqdim edib.
S.Ağayevanın Azərbaycanın görkəmli elm xadimi Səfiəddin Urməvinin (XIII əsr) “Üşşaq” muğamının türklərə məxsus xüsusiyyətləri haqqında söylədikləri ilə bir neçə minilliklər əvvəl Mesopotamiyada Ziqqurat (Ciqqır At) məbədində səslənən eyniadlı melodiya arasında qurduğu əlaqə elmi auditoriyada maraq doğurub. O vurğulayıb ki, bu və bir çox digər az məlum olan faktlar türk musiqi mədəniyyətinin yayılmasının coğrafi genişliyinə dəlalət edir və yeni, obyektiv elmi araşdırmalar tələb edir.