REGİONLAR
Muxtar respublikada ön xətdə xidmət edən zenitçilər ilə praktiki atışlar keçirilib
Naxçıvan, 27 mart, AZƏRTAC
Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət edən zenitçiləri ilə praktiki atışlar keçirilib.
Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildiriblər ki, 24 saat döyüş növbətçiliyi aparan Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə birləşmə, hissə və bölmələri Vətənimizin hava sərhədlərini etibarlı müdafiə edir və uğurlu döyüş növbətçiliyi həyata keçirirlər.
Hava məkanımızı müdafiə etmək kimi şərəfli xidmətləri ilə fəxr edən hərbi qulluqçularımızın bilik və bacarıqları daim təkmilləşdirilir. Növbəti dəfə isə ümumqoşun birləşməsinin ön xətdə yerləşən hava hücumundan müdafiə bölməsində 23 millimetrlik zenit qurğularının heyətləri ilə praktiki atışlar keçirilib.
Atışlar zamanı əsas diqqət alçaq və ən alçaq hündürlüklərdə uçan, qəfil peyda olan, eləcə də yerüstü hədəflərin vaxtında aşkar olunaraq məhv edilməsinə yönəldilib.
Atışların nəticəsi bir daha göstərdi ki, ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrimiz hər an düşmənin qəfil hava hücumunu dəf etməyə hazırdırlar.