Muxtar respublikanın rayonlarında Novruz bayramı qeyd olunur VİDEO















Naxçıvan, 19 mart, AZƏRTAC
Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini özündə yaşadan bayramlar sırasında Novruz xüsusi yer tutur. Xalqımızın mənəvi dünyası və həyata baxışı Novruz mərasimlərimdə dolğun əks olunub, bu bayram milli varlığın rəmzinə çevrilib. Artıq 5-ci ildir ki, xalqımız qalib ölkənin vətəndaşları olaraq Novruz bayramını daha böyük təntənə ilə qeyd edir, baharın gəlişini xoş əhvali-ruhiyyə ilə qarşılayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il də Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında xalqımızın əziz bayramı geniş şəkildə qeyd olunur.
Rayonlarda keçirilən bayram tədbirlərində çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsindən, suverenliyimizin təmin olunmasından, Vətən oğullarının igidliyindən, qəhrəmanlığından söhbət açıblar. Ölkəmizdə sabitliyin daha da möhkəmlənməsi, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən, reallaşdırılan layihələrdən danışıblar.
Novruz bayramı hər rayonda özünəxas şəkildə, adət-ənənələrə uyğun qeyd olunur. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızın maraqlı-əyləncəli çıxışları izləyicilərə xoş ovqat bəxş edib, rayon məktəblilərinin hazırladığı rəqs nümunələri, səsləndirdikləri şeirlər alqışlarla qarşılanıb. Həmçinin rayon mədəniyyət şöbələrinin, musiqi məktəblərinin kollektivlərinin, müğənnilərin rəngarəng ifaları, musiqi nömrələri, pəhləvanların güləşi, uşaqların şən-şaqraq səsləri əsl bayram əhvali-ruhiyyəsi yaradıb.
Tədbirlərdə istedadlı insanların, incəsənət adamlarının müxtəlif sənətkarlıq nümunələri və dekorativ əl işləri nümayiş olunub.