NATO-NUN BAŞ KATİBİ GÜRCÜSTAN PARLAMENTİNİN SƏDRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, NATO şurasının Tbilisidə 26+1 formatında keçirilmiş ikigünlük iclasının işində iştirak edən Şimali Atlantika ittifaqının baş katibi Yaap de Hoop Sxeffer sentyabrın 16-da Gürcüstan parlamentinin sədri David Bakradze ilə görüşmüşdür. Qapalı keçən görüşün sonunda baş katib jurnalistlərə demişdir ki, NATO Gürcüstanın müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyir və belə bir tədbirin Tbilisidə keçirilməsi bu ölkə ilə həmrəyliyin nişanəsidir.
Parlamentin sədri NATO-nun baş katibi ilə görüşdə Gürcüstanın NATO-ya inteqrasiya məsələsinin müzakirə olunduğunu, inteqrasiya prosesinin davam etdiyini bildirmişdir.
Gürcüstanda səfərdə olan NATO nümayəndə heyətinin üzvləri sentyabrın 16-da Gürcüstan parlamentinin fraksiya və komitə sədrləri, ATƏT-in və BMT-nin Gürcüstandakı nümayəndələri, müxalifətin və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Gürcüstan insan haqları müdafiəçisinin müavini ilə görüşmüşlər. Baş katib isə İ.Cavaxişvilli adına Tbilisi Dövlət Universitetinin tələbələri qarşısında çıxış etmişdir.
Xatırladaq ki, NATO nümayəndə heyətinin Gürcüstana səfəri çərçivəsində Gürcüstan-NATO komissiyasının təsis olunmasına dair 4 maddədən ibarət sənədi qurumun baş katibi Yaap de Hoop Sxeffer və Gürcüstanın Baş naziri Vladimir Qurgenidze imzalamışlar.
Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya komissiyanın təsis olunmasının Gürcüstanın NATO-ya qovuşmasına şərait yaradacağını vurğulamışdır.