NATO-NUN BAŞ KATİBİ YAAP DE HOOP SXEFFERİN MƏTBUAT KONFRANSI
Bakıda rəsmi səfərdə olmuş NATO-nun baş katibi Yaap de Hoop Sxeffer noyabrın 5-də Heydər Əliyev adına beynəlxalq hava limanında səfərinin yekunlarına dair mətbuat konfransı keçirmişdir.
Baş katib bildirdi ki, Azərbaycana səfəri çox uğurlu keçdi, Prezident İlham Əliyevlə, xarici işlər naziri və digər rəsmi şəxslərlə son dərəcə səmərəli görüşləri oldu. Onun sözlərinə görə, bu görüşlər NATO ilə Azərbaycan arasında münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətə malikdir.
Qonaq dedi ki, Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığı planı üzərində işləyən komissiyanın üzvləri ilə görüşdə bu mühüm sənədin son variantının hazırlanması üçün ayrı-ayrı məsələlər konkretləşdirildi. Bundan əlavə, bu görüşlərdə virtual İpək Yolu layihəsi, elm və ekologiya sahəsində qarşılıqlı fəaliyyət müzakirə edildi. NATO baş katibinin fikrincə, Azərbaycan ilə Şimali Atlantika İttifaqı arasında sıx əməkdaşlıq üçün zəmin yaradılmışdır.
Cənab Sxeffer jurnalistlərin suallarına cavabında bildirdi ki, NATO Azərbaycanda öz hərbi bazalarını yerləşdirməyi planlaşdırmır. Tərəfdaşlığa gəldikdə isə, bu, dərin hərbi islahatlar nəzərdə tutulan kifayət qədər genişmiqyaslı aksiyadır. Onun sözlərinə görə, NATO Azərbaycanı həm “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində, həm də gələcəkdə ikitərəfli əməkdaşlıq planı çərçivəsində dəstəkləməkdə davam etdirəcəkdir.
NATO-nun baş katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunaraq dedi ki, bu məsələ keçirdyi görüşlərdə müzakirə olundu. NATO bu münaqişənin həllində birbaşa rol oynaya bilməsə də, Alyans üzrə müttəfiqlər Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırlar. O vurğuladı ki, insanların illərdən bəri əziyyət çəkdikləri bu münaqişənin tezliklə nizama salınmasına tərəfdardır.
Baş katib dedi ki, Bakı Şimali Atlantika İttifaqı üçün mühüm tərəfdaşdır və biz qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinə dair Azərbaycanın təşəbbüslərini müzakirə etməyə və dəstəkləməyə hazırıq.
X X X
Mətbuat konfransından sonra NATO-nun baş katibi Yaap de Hoop Sxeffer Yerevana yola düşdü.
Qonağı xarici işlər nazirinin müavini Araz Əzimov, digər rəsmi şəxslər yola saldılar.