Naxçıvan Dövlət Universitetində futbol çempionatına start verilib
Naxçıvan, 15 oktyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində futbol çempionatına start verilib. Bununla əlaqədar Tələbə-Gənclər Təşkilatının təşəbbüsü ilə ali təhsil ocağında futbol çempionatının açılış mərasimi keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarış YAP Gənclər Birliyi, Tələbə-Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar Təşkilatı, 10 fakültə və əcnəbi tələbələrdən ibarət 2 komanda olmaqla, ümumilikdə, 16 komandanın iştirakı ilə baş tutub. Universitetin “Orkestr alətləri və dirijorluq” kafedrasının “Nəfəs alətləri” orkestrinin müşayiəti ilə “Vətən marşı” səsləndirilib.
Oyundan əvvəl universitetin rektoru Elbrus İsayev çıxış edərək ali təhsil ocağının idman sahəsindəki əhəmiyyətli uğurlarından bəhs edib. NDU-nun hər bir sahədə olduğu kimi idmanda, xüsusən də futbolda nailiyyətlərinin kifayət qədər olduğunu diqqətə çatdıran rektor bu cür idman tədbirlərinin həm tələbələrin fiziki sağlamlığı, həm də asudə vaxtlarının səmərəli təşkilində əvəzsiz rol oynadığını bildirib. Vurğulanıb ki, ali təhsil ocağında keçirilən idman məşğələlərində həm idmanın kütləviliyinin artırılmasına, həm də yüksək dərəcəli idmançıların hazırlanmasına ciddi fikir verilir. Rektor yarış iştirakçılarına uğurlar arzulayıb.
Tələbə-Gənclər Təşkilatının sədri, Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov çıxışında qeyd edib ki, tələbələrin fiziki tərbiyə ilə məşğul olması könüllülük prinsipinə əsaslanıb. Fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti, yarışın baş hakimi Yusif Vəliyev yarışın qaydaları haqqında məlumat verib.
İdmançılar stadiona Orkestr alətləri və dirijorluq kafedrasının “Nəfəs alətləri” orkestrinin müşayiəti ilə daxil olublar.
Qeyd edək ki, tibb fakültəsinin tələbələri könüllülük fəaliyyəti ilə oyunlarda iştirak edib, oyunçuların tibbi yardım ehtiyaclarını qarşılayıblar.
YAP Gənclər Birliyi və Əcnəbi tələbələrin hazırlıq kursu arasında keçirilən ilk oyun ikincinin 3-1 hesablı qələbəsi ilə başa çatıb.