Naxçıvan Dövlət Universitetində “Kimya zehin xəritələri ilə” adlı dərs vəsaitinin təqdimatı keçirilib
Naxçıvan, 30 iyun, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında ali təhsil ocağının Kimya kafedrasının professoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Yasin Babayevin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Nigar Babayevanın həmmüəllifi olduğu “Kimya zehin xəritələri ilə” adlı dərs vəsaitinin təqdimatı olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev nəşr olunan dərs vəsaitinin müasir tədris metodlarına uyğun tərtib edildiyini vurğulayıb. Qeyd edib ki, yeni təhsil proqramı - kurikulum üzrə abituriyentlər üçün ölkədə ilk dəfə zehin xəritələri ilə hazırlanan dərs vəsaitinin yeni yanaşma, innovativ metodlarla, yeni təhsil proqramına qoyulan tələblər əsasında işlənməsi ağır dərs yükü olan kimya fənninin daha asan şəkildə öyrənilməsini təmin edəcək.
Naxçıvan Müəllimlər İnstitutunun Ümumi fənlər kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qızıllı Əliyeva məruzəsində bildirib ki, zehin xəritələri ilə hazırlanan dərslik insan fəaliyyətinin bütün sahələrində mühüm rol oynayan kimya fənninin şagirdlərə müasir təlim metodlarından istifadə etməklə tədris olunması, sərbəst işləməyə, kreativ düşüncəni artırmağa kömək etmək, fənni daha rahat şəkildə qavramaq məqsədilə tərtib edilib.
Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmudov qeyd edib ki, üzvi kimyanın əsas anlayışlarının, qaydalarının, reaksiyalarının və digər önəmli məqamlarının zehin xəritələri ilə izah edildiyi bu vəsait ümumtəhsil məktəblərin kimya müəllimləri və həmin fənn üzrə hazırlaşan abituriyentlər üçün əhəmiyyətli dərslikdir.
Sonra universitetin Kimyanın tədrisi metodikası və metodologiyası ixtisası üzrə I kurs magistrant Məhəbbət Qarayeva kitabdakı “Məhlullar”, Kimya müəllimliyi ixtisası III kurs tələbəsi Bağdagül Cəfərli “Saf maddələr və qarışıqları”, Kimya ixtisası üzrə I kurs tələbəsi Xanım Hüseynova “Oksidlərin alınması və kimyəvi xassələri”, I kurs tələbəsi Qumral Abbasova “Kimyəvi elementlərin dövri sistemi” bölmələrini zehin xəritələr vasitəsilə izah ediblər.
Kitabın həmmüəllifləri çıxış edənlərə dəyərli fikirlərinə görə minnətdarlıqlarını bildiriblər.