Naxçıvan Muxtar Respublikasında aqrar sığorta eksperti olmaq istəyən namizədlərə təlimlər keçirilib





Bakı, 18 mart, AZƏRTAC
Aqrar Sığorta Fondu tərəfindən Naxçıvan Muxtar Respublikasında müstəqil aqrar sığorta eksperti olmaq istəyən mütəxəssislər üçün təlimlər keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə keçirilən təlimlərdə Aqrar Sığorta Fondunun mütəxəssisləri namizədləri təsərrüfatların sığortaya yararlı olub-olmamasının müəyyən edilməsi, sığorta hadisələrinin araşdırılması, zərərin hesablanması, ekspert rəyinin hazırlanması və sair mövzularda məlumatlandırıblar.
Təlimdən keçən namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahana buraxılacaq. İmtahandan keçmiş namizədlərə aqrar sığorta eksperti sertifikatı verilir və onlar Azərbaycan Mərkəzi Bankındakı müvafiq reyestrə daxil edilirlər.
Qeyd edək ki, qanunvericiliyə əsasən müstəqil aqrar sığorta ekspertləri bu fəaliyyətlə əsas iş yerlərini itirmədən də məşğul ola bilərlər.
Naxçıvanda müstəqil aqrar sığorta ekspertlərinin hazırlanması muxtar respublikada aqrar sahədə baş verən hadisələrin vaxtında araşdırılması və sığorta ödənişinin həyata keçirilməsi ilə yanaşı, yerli aqrar mütəxəssislərin də yüksək gəlir əldə etməsinə imkan yaradacaq.
Qeyd edək ki, müstəqil aqrar sığorta ekspertləri aqrar sığorta mexanizmində mühüm yer tutur. Ekspertlər sığortalanmaq üçün müraciət etmiş təsərrüfatlara baxış keçirir, onların sığortaya yararlı olub-olmaması haqqında rəy verir. Hadisə baş verən əkin sahələri və təsərrüfatlarda araşdırma aparmaq, sığorta hadisəsinin səbəblərini müəyyən etmək və dəymiş zərəri hesablamaq aqrar sığorta ekspertlərinin fəaliyyətinə aiddir.
Təsərrüfatların sığortalanması və hadisə baş verdikdə dəymiş zərərin ödənişi aqrar sığorta ekspertinin rəyi əsasında həyata keçirilir.
Aqrar sığorta eksperti xidməti ödənişlidir və Aqrar Sığorta Fondu ilə bağlanmış müqavilə əsasında bu şəxslərə xidmət haqqı, yol pulu və ehtiyac olduqda mehmanxana xərcləri ödənilir.