Naxçıvan Muxtar Respublikasında Yeni il şənlikləri keçirilib
Naxçıvan, 1 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Gələcəyimiz çox parlaq olacaqdır. Qarşımızda bütün yollar açıqdır. Biz irəliyə, müasirliyə, inkişafa, tərəqqiyə doğru gedirik”.
Sabitlik və sürətli sosial-iqtisadi inkişaf, aparılan genişmiqyaslı quruculuq işləri müstəqil Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında 2018-ci ili də quruculuq və tərəqqi mərhələsinə çevirəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının şəhər və rayon mərkəzlərində Yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib.
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində Naxçıvan Dövlət Kukla Teatrı aktyorlarının ifasında səhnəciklər təqdim edilib, şən mahnılar səslənib.
Bayram şənliyində muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edərək ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb, sakinlərin bayramını təbrik edib, uşaqlara hədiyyələr verib.
Məktəblilər Nazlı İbrahimli və Yusif Dadaşov Ali Məclisin Sədri ilə görüşüb, təbriklərini, xoş arzu və diləklərini çatdırıblar.