Naxçıvan şahmatçıları beynəlxalq turnirin mükafatçıları sırasında yer alıblar
Naxçıvan, 1 iyul, AZƏRTAC
Serbiyanın Silver Leyk şəhərində təşkil olunan “Silver Lake-2021 Open” beynəlxalq turniri başa çatıb. Turnirdə iştirak edən naxçıvanlı şahmatçılar uğurlu nəticələr göstəriblər. Ən yaxşı göstərici Nəsrin Babayevaya məxsusdur.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 99 şahmatçının iştirak etdiyi B qrupunda mübarizə aparan yeniyetmə idmançımız 9 oyuna 5,5 xal toplayaraq qadınlar arasında birinci olub. Ümumi sıralamada ilk üçlükdən cəmi yarım xalla kənarda qalan Sadiq Qarayev isə 18 yaşadək şahmatçılar arasında ikinci yeri tutub. Aktivində 5 xalı olan Nazlı Hümbətova reytinq əmsalını 171 xal artırıb. A qrupunda yer alan Pərviz Qasımov 5 xal, Toğrul Həsənzadə isə 4 xal toplayıb.
Qeyd edək ki, iyulun 2-də Serbiyada daha bir turnir start götürür. Belqrad şəhərində keçiriləcək “Serbia Chess Open-2021”də Naxçıvan şahmatçıları da iştirak edəcək. Şahmatçılar “masters” və “amateurs” kateqoriyaları üzrə yarışacaqlar.