NAXÇIVAN-SƏDƏRƏK AVTOMOBİL YOLU AÇILMIŞDIR
Naxçıvan, 3 avqust (AZƏRTAC). Avqustun 3-də Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan-Sədərək avtomobil yolunun açılışında iştirak etmişdir.
Yolun Duzdağ qovşağında inşaatçılar dövlətimizin başçısını və xanımını mehribanlıqla qarşıladılar.
Prezident İlham Əliyev yolun sxeminə baxdı. Məlumat verildi ki, muxtar respublikanın əsas strateji magistrallarından olan Naxçıvan-Sədərək yolunun yenidən qurulması, burada əsaslı tikinti işlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Çünki bu yol Azərbaycanı qardaş Türkiyə ilə birləşdirən yeganə quru yoludur.
Burada tikinti işlərinə 2008-ci ilin martında başlanmışdır. Yolun ümumi uzunluğu 78,5 kilometr, eni 23 metr, asfalt hissəsinin eni 17,2 metrdir. Yolun 55,5 kilometri artıq hazırdır, qalan hissədə tikinti işləri davam etdirilir. Magistral yolun kənarlarında xüsusi su ötürücüləri və arxlar çəkilmişdir. Dördzolaqlı yolun üzərində inşa olunan altı körpüdən dördü artıq hazırdır.
İnşaat işlərini Naxçıvan MR Tikinti və Arxitektura Komitəsinin sifarişi ilə “Gəmiqaya” şirkəti həyata keçirir. Magistral yol muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirməklə yanaşı, Böyük İpək yolunun bir hissəsi sayılır.
Dövlətimizin başçısı yolun inşası zamanı istifadə olunmuş asfalt nümunələrinə baxdı.
Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq işləri barədə də məlumat verildi.
Dövlətimizin başçısı yolun açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev yolun yenidən qurulmasında iştirak edən inşaatçılarla görüşdü, magistralın qalan hissəsinin də yenidən qurulmasının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.
Dövlətimizin başçısı inşaatçılarla xatirə şəkli çəkdirdi.
Prezident İlham Əliyev yeni magistralda avtomobili özü idarə etdi.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




