Naxçıvan şəhərindəki Xatirə Muzeyində məktəblilər üçün “Milli qəhrəmanlar” mövzusunda açıq dərs keçilib
Naxçıvan, 12 oktyabr, AZƏRTAC
Muxtar respublikanın Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyində məktəblilər üçün “Milli qəhrəmanlar” mövzusunda açıq dərs keçilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, açıq dərsdə muzeyin bələdçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1997-ci ildə yaradılan muzeyin əvvəl Şəhidlər Muzeyi adı ilə fəaliyyət göstərdiyini bildirib.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 may tarixli qərarına əsasən muzeyin adı dəyişdirilərək Xatirə Muzeyi adlandırılıb. Hazırda muzeydə 2000-dən çox eksponat var. Onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Muzeydə erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdiyi qanlı cinayətləri, soyqırımları əksetdirən sənəd və materiallar, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının fotoşəkilləri, şəxsi əşyaları qorunub saxlanılır. Burada eyni zamanda Milli və Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və onlara aid olan digər materiallardan ibarət eksponatlar mühafizə və nümayiş etdirilir. Həmçinin Naxçıvan Muxtar Respublikasının sərhədlərində baş verən döyüşlərdə Vətən oğullarının erməni işğalçıları ilə mübarizəsindən bəhs edən eksponatlar haqqında da ətraflı məlumat verilib.
Qeyd edilib ki, Azərbaycanda baş verən qırğınlara, faciələrə ilk dəfə hüquqi-siyasi qiymət verən ümummilli lider Heydər Əliyev olub. Muzeyin bələdçisi onu da vurğulayıb ki, milli ordumuzun səyi nəticəsində torpaqlarımız düşmən tapdağından azad olunacaq, Azərbaycanın üçrəngli bayrağı işğal olunmuş hər bir rayonumuzun səmasında dalğalanacaq. O zaman şəhidlərimizin ruhu rahatlıq tapacaqdır.
Sonra muzeyin bələdçisi şagirdləri sərgilənən arxiv sənədləri, milli qəhrəmanlara aid olan fotoşəkillər, tərcümeyi-hallar və xatirə əşyaları ilə tanış edib.