Naxçıvan və Veliko Tırnovo şəhərləri arasında əlaqələrin qurulmasına dair müzakirələr aparılıb
Sofiya, 28 noyabr, AZƏRTAC
Bolqarıstanda səfərdə olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin ən qədim şəhərlərindən biri olan Veliko Tırnovoda olub. Səfər çərçivəsində nümayəndə heyəti Veliko Tırnovo şəhərinin icra hakimiyyətinin başçısı Daniel Panov ilə görüşüb.
Görüşdə D.Panov Veliko Tırnovonun qədim tarixi, iqtisadiyyatı və turizm potensialı haqqında məlumat verib. Söhbət zamanı Veliko Tırnovo və Naxçıvan şəhərləri arasında ikitərəfli əlaqələrin qurulmasına dair əməkdaşlıq haqqında müvafiq sənədin imzalanmasının, müxtəlif tədbirlərin və biznes forumların keçirilməsinin, habelə iqtisadiyyat, mədəniyyət və digər sahələrdə təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb.
Vüqar Səfərov cari il ölkəmizdə və xaricdə Naxçıvan Muxtar Respublikasının 90 illiyinin qeyd edildiyini bildirib, Muxtar Respublikanın tarixi, görkəmli xadimləri, zəngin mədəniyyəti, gözəl təbiəti, tarixi abidələri barədə məlumat verib. O, həmçinin Naxçıvan Muxtar Respublikasının paytaxtı - dünyada ən qədim və gözəl şəhərlərdən biri olan Naxçıvan şəhərinin qədim tarixindən, iqtisadiyyatından və böyük turizm potensialından söhbət açıb.
V.Səfərov Azərbaycanın Naxçıvan və Bolqarıstanın Veliko Tırnovo şəhərləri arasında əməkdaşlıq əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib, gələcəkdə bu istiqamətdə müvafiq işlərin aparılacağını bildirib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya