Naxçıvanda “Baharın rəngləri” adlı sərgi açılıb





Naxçıvan, 19 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Baharın rəngləri” adlı sərgi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərginin açılışında əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, Novruz xalqımızın qədim tarixinə, zəngin mədəni irsinə və mənəvi dəyərlərinə dərin köklərlə bağlı olan ənənəvi bayramlardan biridir. Hər bir azərbaycanlı üçün əziz olan bu bayram həm də milli birliyimizin, həmrəyliyimizin rəmzidir.
Vurğulanıb ki, Ulu Öndərin təşəbbüsü ilə 1969-cu ildən başlayaraq Novruz bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Bu, dahi şəxsiyyətin milli irsimizə və mədəniyyətimizə göstərdiyi xüsusi diqqətin təzahürüdür. Ümummilli Lider bu bayramın xalqın birliyini və milli ruhunu yaşatmaqda mühüm rol oynadığını vurğulayırdı.
Diqqətə çatdırılıb ki, bu gün Ulu Öndərin siyasi kursunu uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Novruz bayramı milli birlik və həmrəylik simvolu kimi yüksək səviyyədə qeyd edilir.
Tədbirdə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov çıxış ediblər. Bildirilib ki, baharın müjdəçisi Novruz Türk dünyasının ən önəmli bayramlarındandır. Bu bayram Mərkəzi Asiyadan Balkanlara qədər böyük bir coğrafiyada, təqribən 200 milyon insan tərəfindən qeyd edilməkdədir. Azərbaycanda və eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da bu bayram böyük coşqu ilə keçirilir.
Qeyd edək ki, bir həftə davam edəcək “Baharın rəngləri” adlı sərgidə 20 rəssamın 50-yə yaxın rəsm və dekorativ əl işləri sərgilənir.