REGİONLAR
Naxçıvanda peşə təhsili müəssisələrinə vakant vəzifələr üzrə işə qəbul müsahibəsi keçirilib
Naxçıvan, 29 avqust, AZƏRTAC
Avqustun 29-da 2024-2025-ci tədris ili üçün Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsahibə mərhələsinə peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqənin test mərhələsində uğur qazanmış namizədlər dəvət olunub.
Müsahibədə “Əməliyyatçı mühasib” və “Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü (BC kateqoriyası)” ixtisasları üzrə ixtisas fənn müəllimlərinin, “Turizm sahəsində iaşə üzrə mütəxəssis” və “Xalçaçı” üzrə istehsalat təlimi ustalarının bilik və bacarıqları qiymətləndirilib.
Qeyd edək ki, nəticələr haqqında məlumat müsahibənin keçirildiyi tarixdən 5 iş günü müddətində namizədlərin şəxsi kabinetlərinə göndəriləcək.