Naxçıvanın tarixi abidələri, gəzməli-görməli yerləri ilə tanışlıq rəssamlarda xoş təəssürat yaradıb
Naxçıvan, 25 may, AZƏRTAC
“Naxçıvan - bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalının iştirakçıları muxtar respublikanın tarixi və təbiət abidələri, gəzməli-görməli yerləri ilə tanış olublar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaqlar əvvəlcə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən göycə məhsullarının satış yarmarkasına gəliblər. Ailə təsərrüfatçıları qonaqları məmnuniyyətlə Naxçıvanın bu brend məhsuluna qonaq ediblər.
Daha sonra Batabat iqlim kurort zonası və Ağbulaq İstirahət Mərkəzinə səfər olub. Naxçıvanın əsrarəngiz gözəllikləri, zəngin turizm potensialı təbiət vurğunu rəssamlarımızda böyük maraq yaradıb.
Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olan rəssamlara məlumat verilib ki, bu gün dünyanın müxtəlif ölkələrindən yuxarı tənəffüs yolları, ağciyər xəstəlikləri və allergiyalardan əziyyət çəkən yüzlərlə insanın üz tutduğu mərkəz ötən müddətdə dövlətimizin qayğısı sayəsində öz fəaliyyət imkanlarını xeyli genişləndirib. Muxtar respublika rəhbərinin tapşırığı ilə bir neçə dəfə təmir-bərpa olunan şəfa ocağı müalicə turizminin inkişafına böyük stimul verib.
Festivalın ən maraqlı hissəsi Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Parkında bütün rəssamların iştirakı ilə keçirilən yaradıcılıq tədbiri olub. Belə ki, hər bir rəssam Azərbaycanın ən qədim guşələrindən sayılan Naxçıvanı kətan üzərində əks etdirməyə çalışıblar. Muxtar respublikanın zəngin təbiətini, heyrətamiz rənglərini, bənzərsiz mənzərələrini fırça ustaları kətana köçürüblər.
Rəssam Mirazər Abdullayev çəkdiyi “Naxçıvan gözəli” əsəri barədə danışıb: “Naxçıvana ilk dəfədir ki, səfər edirəm. Burada beynəlxalq rəsm festivalının yüksək səviyyədə keçirilməsi və yaradılan şərait bütün rəssamlar tərəfindən sənətə və sənət adamlarına göstərilən qayğı kimi dəyərləndirilir. Yaradıcılığın ilk günü bu qədər əsərin çəkiləcəyini təsəvvür etmirdik. Lakin Naxçıvanın tarixi abidələri, təbiəti və müasir inkişafı ilə tanışlıq, buradakı qonaqpərvərlik hər bir rəssamı daha səylə işləməyə ruhlandırdı. Qısa müddətdə festival iştirakçıları tərəfindən Naxçıvanla bağlı əsərlərin çəkilməsi və sərginin açılması bunu bir daha təsdiq edir. Naxçıvanda rəssamlar üçün yaradılan şəraiti bundan sonrakı fəaliyyətimizdə də daim təbliğ edəcəyik”.
Azərbaycan Respublikasının Əməkdar rəssamı İrina Eldarova da Naxçıvanı çox sevdiyini söyləyib: “Buranın təbiəti, insanları tamam başqadır. Gəzməli-görməli yerləri, füsunkar təbiəti insanı valeh edir. Hər il burada iştirak edirəm. Bir il gəlirəmsə, gələn il mütləq bir daha gəlmək istəyirəm ki, buranın enerjisini ala bilim. Naxçıvan şəhəri və buranın insanları blokada olmasına baxmayaraq, çox gözəl və müasir simaya sahibdir. Həqiqətən, çox sakit, təmiz diyardır. Batabat isə öz gözəlliyi ilə göz qamaşdırır.
Dünyada bir çox festivallarda iştirak etdiyini deyən Azərbaycan Rəssamlar Birliyinin üzvü İlqar Əkbərov Naxçıvanda keçirilən festivalın digərlərindən çox fərqləndiyini vurğulayıb. O deyib: “Gözəl təbiəti, qonaqpərvər insanları, başlıcası isə rəssamlıq sənətinə olan münasibətə görə Naxçıvan hər yerdən fərqlənir. Burada diqqətimi çəkən ən gözəl məqam isə gənc rəssamların da bizimlə birlikdə olması idi. Bu, çox sevindirici haldır ki, yaradılan şərait sayəsində rəssamlıq ənənəsi gənclər arasında bu qədər sevilir və seçilir”.