Nazir: Azərbaycanda beynəlxalq yarışları yüksək səviyyədə təşkil edə biləcək peşəkar mütəxəssislər formalaşıb
Bakı, 30 iyul, AZƏRTAC
Dövlətimizin başçısı İlham Əliyevin apardığı uğurlu idman siyasəti nəticəsində ölkəmiz yüksək idman nəticələri və idmanın kütləviliyi ilə yanaşı, beynəlxalq miqyaslı nüfuzlu yarışların təşkilatçısı kimi də böyük nailiyyətlər əldə edir. Bu gün böyük yarışların təşkilində Azərbaycanın artıq kifayət qədər təcrübəsi var.
Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir bildirib ki, müxtəlif illərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, XV Avropa Gənclərinin Yay Olimpiya Festivalı, III MDB Oyunları və digər çoxnövlü yarışların keçirilməsi Azərbaycana zəngin təşkilati təcrübə qazandırıb. Onun sözlərinə görə, artıq ölkədə beynəlxalq yarışları yüksək səviyyədə təşkil edə biləcək peşəkar mütəxəssislər formalaşıb: “İlk Avropa Oyunları zamanı xaricdən mütəxəssislər dəvət edirdiksə, indi bizim mütəxəssislərimiz başqa ölkələrdə keçirilən beynəlxalq yarışlarda çalışırlar. Bu, əvvəlki yarışlardan qalan çox yaxşı mirasdır”.
Fərid Qayıbov vurğulayıb ki, Azərbaycanda müasir idman infrastrukturu yaradılıb və bu gün ən nüfuzlu yarışların ölkəmizdə keçirilməsinə beynəlxalq səviyyədə inam var: “Məhz bunun nəticəsində müxtəlif beynəlxalq yarışların təşkili Azərbaycana həvalə olunur. Bu ilin ilk yarısında ölkəmizdə gimnastikanın müxtəlif növləri üzrə Dünya Kubokları, bilyard üzrə Avropa çempionatı, peşəkar boks yarışları, Qarabağda avarçəkmə və kanoe yarışları, velosiped turnirləri, şahmat, qolf və digər idman növləri üzrə beynəlxalq turnirlər keçirilib. Hazırda Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir. İlin sonunadək isə qadın voleybolçular arasında Avropa çempionatı, basketbol üzrə müxtəlif yarışlar, cüdo və sambo üzrə dünya çempionatları, Azərbaycan idman tarixində ilk dəfə üzgüçülük üzrə Dünya Kuboku, eləcə də ilk dəfə beynəlxalq “IRONMAN 70.3 BAKU” triatlon yarışı təşkil olunacaq”.