CƏMİYYƏT
Nazir: Biomüxtəlifliyin mühafizəsinə dəstək məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin miqyası genişləndirilir
![Nazir: Biomüxtəlifliyin mühafizəsinə dəstək məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin miqyası genişləndirilir](/files/2023/2/1200x630/1686921229834518682_1200x630.jpg)
Bakı, 16 iyun, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda təsis edilən ilk milli park, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılmasının 20-ci ildönümü münasibətilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ekoloqları, təbiətsevər ictimaiyyəti və milli parkın əməkdaşlarını təbrik edib.
AZƏRTAC xəbər verir ki, nazirliyin rəsmi internet səhifəsində yerləşdirilən təbrikdə deyilir: “Azərbaycan dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyev ölkədəki ekoloji vəziyyəti həmişə xüsusi diqqət mərkəzində saxlayıb, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən edilmiş prioritetlər üzrə davamlı tədbirlər görülüb.
Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən ekologiya sahəsində yaratdığı təsisatların fəaliyyəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin bioloji müxtəlifliyinin mühafizəsinə dəstək məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin miqyası genişləndirilir, yaradılan ekoloji mühitin qorunması və bərpası şəbəkəsi diqqət mərkəzində saxlanılır.
Ümummilli Lider tərəfindən müəyyənləşdirilən ətraf mühitin mühafizəsi işinin mükəmməl strateji xəttinin davamı olaraq bu gün ölkəmizdə ekosistemin, nadir bitki və heyvan növlərinin mühafizəsində mühüm rola malik, ümumi sahəsi 893 min hektar təşkil edən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir”.
Nazir Zəngəzur Milli Parkının yaradılması münasibətilə ekoloqları, milli parkın əməkdaşlarını, eləcə də ölkəmizin bütün təbiətsevər ictimaiyyətini təbrik edib, xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizəsi, bərpası və təbliği ilə bağlı fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Zəngəzur Milli Parkı Naxçıvan Muxtar Respublikasının ərazisinin nadir təbiət komplekslərini, bioloji müxtəlifliyini, o cümlədən ərazi üçün səciyyəvi olan fauna növlərini, tarixi-mədəni obyektləri qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, turizm və istirahət üçün şəraiti formalaşdırmaq məqsədilə yaradılıb.