Nazir: İli uğurla və sabaha inamla başa vururuq
Bakı, 28 dekabr, AZƏRTAC
Uğurlar və yeniliklərlə zəngin daha bir ili geridə qoyuruq. Dekabr həm də hesabat ayı olduğundan nöqteyi-nəzərimizin ilin idman yekunlarına cəmləməyimiz təbiidir. Sevindirici haldır ki, ili uğurla və sabaha inamla başa vururuq. Beynəlxalq yarışların sayı az olsa da, dekabrda idmançılarımız 30-dək medal qazandılar. Ümumilikdə isə il ərzində Azərbaycan idmançıları yalnız rəsmi, nüfuzlu beynəlxalq yarışlardan 837 medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov deyib.
O bildirib ki, ilin sonu islahatlar baxımından da mühüm oldu. Dövlətimizin başçısı İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, nazirliyin strukturunda 13 regional gənclər və idman idarəsi yaradılacaq. Bu qərar nazirliyin işinin daha da optimal qurulmasına xidmət edən islahatların tərkib hissəsidir. Regional idarəçilik metodu təcrübədə özünü doğruldub və yeni struktur bölgələrdə həm idman, həm də gənclər siyasətində işin səmərəliliyinə müsbət təsir edəcək.
“Bu ay Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinin də qeyd olunması ilə yadda qaldı. Bu münasibətlə birgə yarışların Şəkidə təşkili bu idman növünün artıq təkcə paytaxtda deyil, regionlarda da inkişafının bir nümunəsi oldu. Federasiyanın inkişafının 20 illiyi son zamanlar dünya gimnastikasının mərkəzlərindən birinə çevrilmiş Milli Gimnastika Arenasında idman ictimaiyyətinin iştirakı ilə qeyd edildi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə federasiya bu müddətdə böyük inkişaf yolu keçib və təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də nümunəvi federasiyaya çevrilib. İyimiillik yubiley münasibətilə bütün gimnastika ailəsini, idman ictimaiyyətini təbrik edirəm.
İl ərzində həm gənclərlə bağlı, həm də idman sahəsində kifayət qədər uğur əldə etdik. Bu, Prezident İlham Əliyevin tapşırıqları və daimi dəstəyi sayəsində mümkün oldu. “Şuşa İli” çərçivəsində bu il qədim mədəniyyət paytaxtında bir sıra beynəlxalq və yerli tədbirlərimiz oldu. 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Gənclərə və idmançılara Ümummilli Liderimiz Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalaraq, növbəti ildə də qələbələr arzulayıram. Fürsətdən istifadə edərək, hər birinizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm”, - deyə nazir vurğulayıb.