Nazir müavini: Azərbaycan Şərq ilə Qərbi birləşdirən yeni bir layihəni həyata keçirir
Bakı, 16 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Sabah Bakıda start götürəcək Ümumdünya Telekommunikasiya İnkişaf Konfransı (WTDC) ərəfəsində proqram protokollar və siyasətlərdən deyil, məhz gənclərdən başlayır. Çünki məhz siz gələcəyin sahibləri, rəqəmsal dünyanın qurucularısınız.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Qlobal Gənclər Günü”nün açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.
Tədbirin yalnız bir toplantının deyil, həm də yeni hərəkatın başlanğıcı olduğunu vurğulayan nazir müavini bildirib ki, konfransın əsas mövzusu “inkişaf üçün universal, mənalı və əlçatan əlaqə”dir.
Saməddin Əsədov qeyd edib ki, bu, sadəcə, bir siyasi çağırış deyil, vəddir və həmin vəd məhz gələcəyi yaşayacaq nəsil tərəfindən həyata keçirilə bilər: “Tədbir çərçivəsində gənclər siyasətçilərlə birbaşa ünsiyyət qura biləcək, qabaqcıl texnologiyalarla tanış olacaq, hətta Beynəlxalq Kosmik Stansiya ilə əlaqə qurmaq imkanı əldə edəcəklər. Bu fəaliyyətlər, sadəcə, nümayiş deyil, sərhədləri aşmağın mümkünlüyünün sübutudur”.
Nazir müavini vurğulayıb ki, Azərbaycan hər zaman körpülər yaradan ölkə olub və bu gün Şərq ilə Qərbi birləşdirən yeni bir “rəqəmsal İpək yolu” layihəsini həyata keçirir: “Biz, sadəcə, əlaqədən danışmırıq, onu qururuq və bu prosesdə gənclər əsas rol oynayırlar”.
Saməddin Əsədov çıxışının sonunda gəncləri aktiv olmağa çağırıb: “Bu gün sizin gününüzdür. Bizi çətin suallarla sınayın, ideyalarınızla ilhamlandırın. Gəlin, bu günü yalnız konfransdan əvvəlki gün kimi yox, yeni nəsil rəqəmsal liderlərin səhnəyə çıxdığı gün kimi yadda saxlayaq”.
Qeyd edək ki, WTDC konfransı sabah Bakıda rəsmi olaraq işinə başlayacaq və tədbirdə telekommunikasiya siyasətinin gələcəyə yönəlmiş istiqamətləri müzakirə olunacaq.