Nazir müavini: Zəngəzur dəhlizi də regional əlaqəliliyin gücləndirilməsində mühüm rol oynaya bilər VİDEO
Bakı, 6 may, AZƏRTAC
Son illər qlobal təchizat zəncirlərində baş verən fasilələr səmərəli, dayanıqlı və koordinasiyalı nəqliyyat dəhlizlərinin qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını bir daha təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Müasir Kənd Təsərrüfatı Əməkdaşlığı Davamlı İnkişafın Təməli və Ərzaq Təhlükəsizliyinin Qarantı Kimi” adlı konfrans çərçivəsində təşkil olunan panel müzakirəsində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib.
Onun sözlərinə görə, bu baxımdan əlaqəliliyin gücləndirilməsi və malların fasiləsiz hərəkətinin təmin olunması mühüm prioritet kimi çıxış edir.
Nazir müavini qeyd edib ki, Şərq–Qərb və Şimal–Cənub ticarət yollarının kəsişməsində yerləşən Azərbaycan Avropa ilə Asiya arasında təbii körpü funksiyasını yerinə yetirir.
“Bu üstünlükdən çıxış edən ölkə Orta Dəhlizin inkişafını milli strateji prioritetlərdən biri kimi müəyyənləşdirib. Bu strateji baxışın həyata keçirilməsi məqsədilə 2024-2026-cı illəri əhatə edən Milli Tranzit Fəaliyyət Planı qəbul edilib. Plan ölkənin tranzit potensialının gücləndirilməsi istiqamətində dörd əsas istiqaməti əhatə edir: infrastrukturun inkişafı, əməliyyat səmərəliliyinin artırılması, beynəlxalq tərəfdaşlarla koordinasiyanın gücləndirilməsi və nəqliyyat proseslərinin rəqəmsallaşdırılması. Azərbaycan Avrasiya məkanında fasiləsiz nəqliyyat əlaqələrinin təmin olunması üçün ardıcıl olaraq iri infrastruktur layihələrinə sərmayə yatırır. Bu çərçivədə Bakı–Tbilisi–Qars dəmir yolu Orta Dəhlizin əsas komponentlərindən biri kimi çıxış edir və illik 5 milyon ton yükdaşıma qabiliyyətinə malikdir.
Eyni zamanda Bakı Limanı Xəzər regionunda mühüm multimodal logistika mərkəzi kimi çıxış edir. Hazırda limanın illik ötürücülük qabiliyyəti 15 milyon ton təşkil edir və genişləndirmə işləri nəticəsində bu göstəricinin 25 milyon tona çatdırılması nəzərdə tutulur”, - deyə nazir müavini qeyd edib.
Samir Məmmədov vurğulayıb ki, dəhlizlərin səmərəliliyinin artırılması yalnız infrastrukturla məhdudlaşmır, həm də regional və beynəlxalq əməkdaşlıqdan asılıdır: “Bu məqsədlə Azərbaycan dəhliz boyunca yerləşən ölkələrlə prosedurların sadələşdirilməsi, maneələrin aradan qaldırılması və sərhədkeçmə proseslərinin optimallaşdırılması istiqamətində fəal əməkdaşlıq həyata keçirir. Görülən tədbirlərin nəticələri artıq statistik göstəricilərdə də öz əksini tapır. 2025-ci ildə Azərbaycan ərazisindən tranzit daşımaların həcmi 14,3 milyon tona çatıb və 2019-cu illə müqayisədə 2,5 dəfə artım qeydə alınıb. Bu həcmin təxminən üçdəbiri Orta Dəhlizin payına düşür. Eyni zamanda, konteyner daşımalarında da əhəmiyyətli artım müşahidə olunub. Çindən gələn blok-qatarların sayı 400-ə çatıb ki, bu da 37 faizlik artım deməkdir”.
Nazir müavini əlavə edib ki, regional əlaqəliliyin gücləndirilməsi istiqamətində praktiki addımlar da atılır.
“Ermənistanla sülhün əldə olunmasından sonra tranzit daşımalarının bu istiqamətdə həyata keçirilməsinə şərait yaradılıb və Azərbaycan ərazisindən Ermənistana təxminən 25 min ton yük daşınıb. Bu yüklərə əsasən taxıl, qarabaşaq və gübrə kimi kənd təsərrüfatı məhsulları daxildir. Bu cür təşəbbüslər xüsusilə aqro-ərzaq təchizat zəncirləri baxımından mühüm əhəmiyyət daşıyır. Effektiv və koordinasiyalı nəqliyyat dəhlizləri çatdırılma müddətini azaldır, itkiləri minimuma endirir və məhsul keyfiyyətinin qorunmasına xidmət edir”, - deyə nazir müavinin qeyd edib.
Gələcəyə dair proqnozlara toxunan Samir Məmmədov bildirib ki, Avropa və Asiya arasında ticarət axınlarının artması davam edəcək. Bu kontekstdə Zəngəzur dəhlizi də regional əlaqəliliyin gücləndirilməsində mühüm rol oynaya bilər.