Neft qiymətləri son 12 ilin ən yaxşı yarım illik performansını göstərir
Bakı, 30 iyun, AZƏRTAC
Birjalarda neft qiymətlərində son 12 ilin ən yaxşı yarım illik performansı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, əgər iyunun son günündə qiymətlərdə kəskin şəkildə ucuzlaşma qeydə alınmasa, bu, “qara qızıl”ın qiymətlərində 2009-cu ildən bəri ən yaxşı yarım illik göstərici olacaq. Ölkələrdə sürətlənən vaksinasiya sayəsində yaşanan bərpa prosesi və yanacaq istehlakındakı artım fonunda neft qiymətləri cari ilin ilk yarısını 50 faizdən çox artımla tamamlayır.
Hazırda “Brent” markalı neftin bir bareli Londonun ICE birjasında 74 dollara, “Light” neftinin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 73 dollara alıcı axtarır.
Qarşıdakı aylarda neft hasilatının gedişatını təyin edəcək “OPEC+” danışıqlarında nazirlər arasındakı ilkin təmaslar bir gün təxirə salınıb. “Bloomberg”ə görə, ilkin görüş tərəflər arasındakı fikir ayrılıqlarını həll etmək üçün verilən vaxt səbəbindən təxirə salınıb.
Analitiklərin fikrincə, “OPEC+”da əsasən Rusiya ilə Səudiyyə Ərəbistanı arasında fikir ayrılıqları var. Rusiya neft tədarükünün artırılmasını dəstəkləyir, Səudiyyə Ərəbistanı isə hasilatın tədricən artırılması variantını təklif edir. Qarşıdakı qısa müddətdə neft tələbatının tədarükü üstələyəcəyi gözlənilir. Peyvəndləmə artdıqca tələbatla bağlı narahatlıqlar da tədricən azalacaq.
Dünən keçirilən OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) Müştərək Texniki Komissiyasının (JTC) iclasında neft hasilatına dair hər hansı təklif irəli sürülməyib.
OPEC-in Baş katibi Məhəmməd Barkindo neft bazarının bərpa yolunda olduğunu, lakin hələ tam olaraq özünə gəlmədiyini bildirib.