Nəqliyyat Nazirliyində 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Nəqliyyat Nazirliyində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Tədbirdə Vətənimizin azadlığı uğrunda mübarizədə şəhid olan Azərbaycan övladlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edənlər günahsız insanlara qarşı törədilmiş vəhşiliklərin bəşər tarixində görünməmiş qanlı hadisə olduğunu qeyd etmişlər. Bildirmişdir ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirmişdir. Bakının küçələrinə və meydanlarına çıxaraq hadisələrə öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarmışdı.
Xalqımızın qan yaddaşına əbədi yazılan 20 Yanvar faciəsi hər il ümumxalq hüzn və qürur günü kimi qeyd edilir. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən ümummilli lider Heydər Əliyev olmuşdur. Görkəmli siyasi xadim, ulu öndər Heydər Əliyev faciənin səhərisi günü haqq səsini ucaldaraq xalqımıza qarşı törədilən dəhşətli cinayəti dünya ictimaiyyətinə bəyan etmişdir.
Qeyd olunmuşdur ki, məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilmiş, şəhid ailələri, əlil olmuş vətəndaşlarımız hər zaman diqqət mərkəzində saxlanılmışdır. Hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş şəxslərə daim yüksək diqqət və qayğı göstərilir.