Nəqliyyat sektorunun ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə stimullaşdırıcı tədbirlər görülür
Bakı, 30 dekabr, AZƏRTAC
Nəqliyyat parkında ekoloji cəhətdən təmiz elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin, benzin və dizelə alternativ yanacaq növü hesab edilən sıxılmış təbii qaz və digər ekoloji təmiz yanacaqdan istifadənin artırılması məqsədilə stimullaşdırıcı tədbirlər görülür.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə AZƏRTAC-a bildirib ki, iqtisadi fəallığın artması nəticəsində ölkəmizə idxal olunan avtomobillərin sayı ildən-ilə sürətlə artır: “Təəssüf ki, onların əksəriyyəti istehsal tarixi köhnə olan və tələblərə cavab verməyən avtomobillərdir. Nəqliyyat vasitələrinin sayının çoxalması və onların texniki vəziyyətinin qənaətbəxş olmaması ətraf mühitə təsirləri daha da artırır. Həmin təsirləri azaltmaq üçün dünya təcrübəsində müxtəlif vasitələrdən istifadə olunur”.
Nazirlik rəsmisi daha sonra deyib: “Ekoloji təmiz nəqliyyat vasitələrinin alıcılar üçün əlçatanlığını artırmaq məqsədilə bir çox vergi və gömrük güzəştləri, aşağı tarifli elektrik enerjisi, idxal və qeydiyyat prosesinin sadələşdirilməsi kimi güzəştlər tətbiq olunur. Ölkəmizdə də həmin təcrübələrə uyğun olaraq ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri və onlar üçün enerji doldurucularına güzəştlərin tətbiqinə başlanılıb. Nəticədə belə avtomobillərin idxalında müəyyən canlanma müşahidə olunur. Həmin tendensiyanın daha da sürətlənməsi üçün əlavə tədbirlərin görülməsi, o cümlədən zəruri infrastrukturun qurulması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı istiqamətində işlər aparılır”.