Nəsillər dəyişəcək, lakin 20 Yanvar şəhidlərinin xatirəsi ürəklərdə əbədi yaşayacaq
Pekin, 20 yanvar, AZƏRTAC
Vyetnamda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Ölkəmizin Vyetnamdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Vyetnam Xarici İşlər Nazirliyi, digər dövlət qurumlarının rəsmilərinin, habelə Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunlarının və KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Anar İmanov Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisəsi haqqında ətraflı məlumat verib, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarımızın canlarından keçərək şəhidlik zirvəsinə ucaldığını bildirib.
Səfir Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin Ermənistana havadarlığından hiddətlənərək Bakının küçələrinə və meydanlarına çıxıb buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsinin bu faciəyə gətirib çıxardığını deyib. Qanlı Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq cəhdi ilə yanaşı, həm də ermənilərin işğalçılıq siyasətinin həyata keçirilməsinə xidmət edən terror aktı olduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, bu qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq və suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. O dəhşətli gecədə şəhid olanlar Azərbaycan tarixinin ən parlaq səhifəsini yazdılar və xalqın milli azadlığı və müstəqilliyi yolunu açdılar.
A.İmanov 20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli liderimiz Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində sərt bəyanatla çıxış edərək, faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etdiyini bildirib. Ulu Öndərin bu cəsarətli addımı və qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırıb. Məhz ulu öndər Heydər Əliyevin bu qətiyyəti sayəsində sonrakı illərdə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilib.
Tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verilib, Ermənistan silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsinin, habelə digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin müddəalarının yerinə yetirilməsinin rəsmi Yerevan tərəfindən tamamilə rədd edildiyi bildirilib. Diqqətə çatdırılıb ki, münaqişənin həlli yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında mümkündür.
Bildirilib ki, hər il yanvarın 20-də minlərlə insan Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını fəda edənlərin xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gedir. Nəsillər dəyişəcək, lakin 20 Yanvar şəhidlərinin xatirəsi ürəklərdə əbədi yaşayacaq.
Tədbir iştirakçıları 20 Yanvar faciəsini əks etdirən fotosərgi ilə tanış olublar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin