Nəsimi rayonunda məktəblilər narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da paytaxtın Nəsimi rayonu 8 nömrəli tam orta məktəbində “Narkotiklərə qarşı maarifləndirmə: sağlam gələcək naminə” mövzusunda şagirdlərlə maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Tədbir zamanı iştirakçılara narkotik vasitələrdən istifadənin əsas risk amilləri, narkomaniyanın insan sağlamlığına, həyat tərzinə, mənəvi-əxlaqi dəyərlərə, eləcə də sosial-iqtisadi inkişafa göstərdiyi mənfi təsirlər barədə ətraflı məlumat verilib. Şagirdlərin sualları cavablandırılıb və mövzu ətrafında interaktiv şəkildə fikir mübadiləsi aparılıb.
Sonda İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar tədbir iştirakçılarına təqdim edilib.