MƏDƏNİYYƏT
Nicat Abbaslı: Azərbaycana bu ilin yanvar-noyabr aylarında 1,8 milyondan çox turist gəlib

Bakı, 7 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında 1 milyon 890 mindən çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Turistlər əsasən Rusiya, Türkiyə, İran, Hindistan, Pakistan, Özbəkistan və Qazaxıstandan gəliblər.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Bürosunun Tədqiqat və inkişaf departamentinin müdiri Nicat Abbaslı söyləyib.
Onun sözlərinə görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30 faiz artım vardır. "Pandemiyadan əvvəlki dövrlə müqayisə etsək görərik ki, hələ də ümumi bərpa prosesi tam yekunlaşmayıb. Ancaq bəzi ölkələr var ki, tamamilə bərpa prosesi yekunlaşıb və orada artım müşahidə etmək olar. Məsələn, Türkiyə, Özbəkistan, Qazaxıstanda kifayət qədər artım müşahidə edilir və bunlardan Pakistan da artan bazarlar sırasındadır", - deyə N.Abbaslı əlavə edib.
Ümumi turizm xərcləmələrini müsbət dəyərləndirən departamentinin müdiri qeyd edib ki, 2019-cu illə müqayisədə turizm xərcləmələrində azalma, gəlmə sayı ilə müqayisədə daha azdır: "Daxili turizm burada ön plana çıxır. Daxili turizmdəki turist sayının və xərcləmələrin də sayı artıb. Bunun nəticəsində ümumi turizm xərclərinə baxsaq, 2022-ci ilin doqquz ayı ilə müqayisə etdikdə, turizm xərcləmələri 60 faiz, 2019-cu ilin doqquz ayına müqayisə etsək isə altı faiz artım müşahidə edilir".