İDMAN
Nicat Abbasov: Cavab oyununa adi qaydada hazırlaşmışdım, xüsusi hazırlıq olmayıb
Maqnus Karlsen: Nicat güclü şahmatçıdır
Bakı, 17 avqust, AZƏRTAC
Cavab oyununa adi qaydada hazırlaşmışdım, xüsusi hazırlıq olmayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinala vəsiqə qazanan Azərbaycan təmsilçisi Nicat Abasov turnirin rəsmi saytına açıqlama verərkən qeyd edib.
Nicat Abasov 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoş üzərində qazandığı qələbədən danışıb: “Cavab oyununa adi qaydada hazırlaşmışdım. Xüsusi hazırlıq olmayıb. Oyun vaxtı konsentrasiyanı saxlamağa çalışırdım. Rəqib müəyyən səhvlər etdi, bu vəziyyət təşəbbüsü ələ almağıma şərait yaratdı. Nəticədə qalib gələrək mübarizəni davam etdirmək imkanı qazandım. Əlbəttə, turnirdən əvvəl bu qədər irəliləyəcəyimi gözləmirdim. İnsanların dəstəyi, şahmat həvəskarlarının göstərdiyi diqqət mənə əlavə güc verir. Hamıya təşəkkür edirəm. Azərbaycan xalqının dəstəyini hiss edirəm. Möhtəşəm duyğudur. Bu dəstək mənə stimul verir. Yorulanda çıxışımla bağlı yazılan dəstək sözlərini oxuyuram, bir qədər dincəlmiş oluram”.
İstirahət günü barədə xüsusi planın olmadığını deyən şahmatçı yarımfinal barədə də fikirlərini bildirib: “Maqnus Karlsenlə klassik şahmat oynamamışam. Yoldaşlıq oyunları olub. Yəni rəsmi turnirlərdə klassik partiyada mübarizə aparmamışıq. Əlimdən gələni etməyə çalışacam. Ümid edirəm yaxşı olacaq”.
Karyerasında ilk dəfə turnirin yarımfinalına vəsiqə qazanan Azərbaycan şahmatçısı Nicat Abasovun rəqibi, dünya reytinqinin lideri, beş qat dünya çempionu Maqnus Karlsen də turnirin rəsmi saytına açıqlamasında 1\4 final görüşü barədə fikirlərini bildirib.
Şahmatçı qeyd edib ki, fəqli oyun oldu: “Debütdən aşkar irəliləyiş görmədim. Sonra oyunun ortalarında kiçik üstünlük hiss olunurdu. Yekunda heç-heçəyə razılaşdıq. İlk görüşdə qalib gəlmişdim. Ümumi nəticə yarımfinalda iştirakımı dəqiqləşdirdi”.
Norveçli şahmatçı yarımfinaldakı rəqibi azərbaycanlı şahmatçı Nicat Abasovla bağlı verilən suala qısa cavab verib: “Nicat güclü şahmatçıdır. Dünya Kubokunda göstərdiyi oyun bu sözləri deməyə imkan verir. Bizi maraqlı mübarizə gözləyir”.
Sonda Maqnus Karlsen növbəti dəfə Azərbaycan paytaxtında olmaqdan məmnun olduğunu söyləyib və Dünya Kubokunun yüksək təşkilatçılığını qeyd edib. “Yenidən Bakıda olmaq xoşdur. Təşkilatçılıq yaxşıdır. Buradan yaxşı təəssüratlarla ayrılacam”-deyə M.Karlsen əlavə edib.
Qeyd edək ki, Dünya Kubokunda yarımfinal oyunları avqustun 19-da başlayacaq.