DÜNYA
Niderland məktəblərində mobil telefondan istifadəyə qadağa qoyulacaq
![Niderland məktəblərində mobil telefondan istifadəyə qadağa qoyulacaq](/files/2023/2/1200x630/1688626934806764395_1200x630.jpg)
Bakı, 6 iyul, AZƏRTAC
Portativ texnologiya niderlandlı məktəblilərin təhsilinə zərərli olaraq tanınıb.
AZƏRTAC xəbər verir ki, Niderland məktəblərində mobil telefondan istifadə qadağan olunacaq. Təhsil Nazirliyinin fikrincə, bu, uşaqların dərsdən yayınmasının qarşısını almağa kömək etməlidir. Hələlik hökumətlə təşəbbüsü dəstəkləyən təhsil müəssisələri arasında əldə olunan razılaşmadan söhbət gedir.
“Biz qanunvericilik qadağası qoymuruq. Bu tələbin necə işləyəcəyini yaxından öyrənəcəyik. Çünki qanuni məhdudiyyətlər yolu ilə hər zaman getmək olar. Amma mən düşünürəm ki, biz razılaşa bilərik”, - deyə ölkənin təhsil naziri izah edib.
Məktəblilərin bir çoxu isə başqa fikirdədir və deyirlər ki, onlara həqiqətən mobil telefon lazımdır.
Niderland məktəblərində mobil telefonlara, planşetlərə və ağıllı saatlara qoyulan qadağa yanvarın 1-dən qüvvəyə minəcək. Ehtimal olunur ki, konkret məhdudiyyətlər həm müəllimlər, həm uşaqlar, həm də onların valideynləri ilə razılaşdırılacaq.