Nikoloz Samxaradze: Azərbaycan Gürcüstanı ən çətin vaxtlarda dəstəkləyib
Tbilisi, 10 aprel, AZƏRTAC
Azərbaycan Gürcüstanı ən çətin vaxtlarda dəstəkləyib və Prezident İlham Əliyevin son bəyanatı dünyanın ölkəmizdə baş verən prosesləri adekvat şəkildə qəbul etdiyini bir daha təsdiqləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasından olan deputat, Parlamentin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze jurnalistlərə açıqlamasında söyləyib.
Prezident İlham Əliyevin aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışı zamanı söylədiyi “Avropa Komissiyasının Gürcüstanın daxil işləri ilə bağlı proseslərə münasibəti qətiyyən qəbuledilməzdir. Bu, müstəmləkəçilərin davranışıdır. Onlar gürcü xalqının iradəsinə özlərinin müstəmləkəçi keçmişinin prizmasından yanaşırlar. Bu, tamamilə qəbuledilməzdir.... Gürcüstanın bütün daxili işləri Brüsseldəki bürokratlar deyil, gürcü xalqı tərəfindən həll edilməlidir”, - fikrlərini təkrarlayan komitə sədri deyib: “Biz, ilk növbədə, Azərbaycan hökumətinə və xalqına Gürcüstanı ən çətin anlarda belə, dəstəklədiyinə görə təşəkkür etməliyik. Prezident İlham Əliyevin bəyanatı bir daha təsdiqləyir ki, dünya Gürcüstanda gedən prosesləri adekvat şəkildə qəbul edir”.
Deputat vurğulayıb ki, dünya ictimaiyyəti Avropa İttifaqının Gürcüstana qarşı ədalətsiz davrandığını yaxşı bilir. “Onlar bu cür ədalətsiz yanaşma ilə Gürcüstan hakimiyyətinə və gürcü xalqına təzyiq göstərməyə çalışırlar”, - deyə komitə sədri bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi