İDMAN
Nizami Məmmədov: Peşəkar boksda debütüm uğurlu alındığı üçün çox sevinirəm
![Nizami Məmmədov: Peşəkar boksda debütüm uğurlu alındığı üçün çox sevinirəm](/files/2023/1/1200x630/16813912333512648484_1200x630.jpg)
Bakı, 13 aprel, AZƏRTAC
Moskvada Super seriya beynəlxalq turnirində iştirak üçün təklif təşkilatçılardan gəldi. Əvvəlcə qəbul etmək istəmirdim. Döyüşə ay yarım vaxt qalmışdı. Sonra həm menecer, həm də məşqçim Rauf Ağayev ilə müzakirə apardıq və məşqə başlamağa qərar verdim.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Moskvada Super seriya beynəlxalq turniri çərçivəsində rusiyalı Sergey Teplova qalib gələn peşəkar boksçumuz Nizami Məmmədov deyib.
Yarışa ciddi hazırlaşdığını bildirən Daxili İşlər Nazirliyinin əməkdaşı, polis kapitanı N.Məmmədov bildirib ki, əvvəlcədən rəqib haqqında məlumat əldə etmişdim. Çox güclü və peşəkar rəqib idi. Məşqçim ilə birgə rəqibin döyüşlərini analiz etdik və hazırlığımızı o istiqamətdə davam etdirdik. Bu yarış reytinq xarakterli olmaqla yanaşı, karyeramda ilk peşəkar döyüş idi. Rəqibi vaxtından əvvəl nokautla məğlub etdim. Sevinirəm ki, peşəkar boksda debütüm uğurlu alındı.
Əvvəllər kunq-fu sanda döyüş növü ilə məşğul olduğunu diqqətə çatdıran boksçumuz deyib ki, idmanın bu növü üzrə beşqat dünya çempionu, 3 dəfə dünya kuboku yarışlarının qalibi olub. “Ancaq idmana boksla başlamışam. Gənclər arasında respublika çempionu olmuşam, Avropa çempionatının iştirakçısı olmuşam. Sanda və boks - hər ikisi döyüş idman növü olsa da, aralarında müəyyən fərqlər var. Sandada fiziki güc, boksda isə taktika və ağıl önəmlidir”, - deyə N.Məmmədov əlavə edib.
Cari il onu ciddi yarışların gözlədiyini diqqətə çatdıran idmançımız vurğulayıb ki, mayda Almaniyada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı beynəlxalq kəmər yarışına qatılacaq: “Bu il Mayamidə daha bir döyüş keçirməyi planlaşdırıram. Daha bir neçə döyüşə çıxmaq barədə müzakirələr aparırıq”.
Boksçumuz qeyd edib ki, ölkəmizdə idmana dövlət tərəfindən böyük diqqət və qayğı ilə yanaşılır. İdmançılar üçün hər cür şərait yaradılır, onların sosial rifahlarının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. “Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev həmişə uğur qazanan idmançıları qəbul edir və onların əldə etdiyi nailiyyətlərə böyük önəm verir. Çox sevinirəm ki, Prezident İlham Əliyev tərəfindən mükafatlandırılan idmançılar arasında mən də yer almışam. Belə ki, 2015-ci ildə dövlətimizin başçısı İlham Əliyev məni “Fəxri fərman”, üç il sonra isə mənzil ilə mükafatlandırıb. Bu mənə yeni uğurlar üçün böyük stimul oldu.
Çalışdığım Daxili İşlər Nazirliyinin rəhbərliyi də həmişə mənə dəstək olur. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov hər zaman polisin sağlam ruhda, sağlam düşüncəyə malik olmasının vacibliyini diqqətə çəkir. Başda nazir olmaqla, mənə dəstək olan Suraxanı rayon polis idarəsinin rəisi polkovnik Şəhriyar Qurbanova minnətdarlığımı bildirirəm”, - deyə N.Məmmədov əlavə edib.