NİZAMİ RAYONUNDA XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Bakı, 24 fevral (AZƏRTAC). On səkkiz il əvvəl şaxtalı fevral gecəsində erməni millətçiləri və onların havadarlarının həyata keçirdikləri dəhşətli soyqırımı nəticəsində doğma yurd-yuvalarından didərgin düşərək Nizami rayonuna pənah gətirmiş 29 Xocalı ailəsinin maddi rifahının yaxşılaşdırılması və sosial problemlərinin həlli rayon icra hakimiyyəti rəhbərliyinin daim diqqət mərkəzindədir.
Fevralın 24-də Nizami rayonunda ictimaiyyətin və ziyalıların nümayəndələrinin iştirakı ilə keçirilmiş mərasimdə Xocalı faciəsi qurbanlarının və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi ehtiramla yad edilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov ermənilərin Azərbaycana qarşı əsassız torpaq iddialarından, Xocalı soyqırımının başvermə səbəblərindən, acı nəticələrindən, hadisəni törədənlərin məkrli niyyətlərindən danışmışdır. O, bu qırğına ilk dəfə hüquqi-siyasi qiymət verilməsində və onun dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamışdır.
Mərasimdə çıxış edən Xocalı rayon icra hakimiyyətinin şöbə müdiri Ramilə Xudayarova, Xocalı sakini Səriyyə Müslümqızı xalqımıza qarşı hər zaman xəyanətkar mövqedə dayanan ermənilərin misli görünməmiş vəhşiliyini bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirmiş, terroru dəstəkləyənləri lənətləmişlər.
Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin üzvləri Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərmişlər.
Sonda görüş iştirakçısı olan xocalılılara maddi yardım paylanmışdır.
######
![]() |
![]() |

