Nizami Tağısoy: Ana dilimizin keşiyində layiqincə dayanmalıyıq
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan dilinin istifadə sahəsi, xalqımız tərəfindən qorunması və aktiv şəkildə işlədilməsi son dərəcə vacib məsələlərdir. Ümumilikdə Azərbaycan dili, ölkənin varlığı və milli kimliyimizin əsas dayaqlarından biridir. Bu dil öz daşıyıcıları üçün yüksək dəyərə malik mühüm vasitədir.
Dilimizin qarşısında duran əsas problemlərdən biri digər dillərdə təhsil alanlar arasında ana dilinə marağın azalmasıdır. Bu marağı artırmaq, gənclərin Azərbaycan dilinin incəliklərini öyrənməsinə kömək etmək, onları təşviq və istiqamətləndirmək mühüm vəzifədir.
Bunu AZƏRTAC-a açıqlamasında filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Nizami Tağısoy bildirib.
“Bu gün qarşımızda duran əsas strateji məqsəd dilimizin lüğət fondunu, dil tərkibini və müxtəlif lüğətləri daha da mükəmməlləşdirmək, bu prosesə peşəkar mütəxəssisləri cəlb etməkdir. Təəssüf ki, orfoqrafiya və izahlı lüğətlərdə, həmçinin iki və çoxdilli lüğətlərdə müəyyən səhvlər müşahidə olunur. Bu nöqsanlar aradan qaldırılmalıdır. Bu isə yalnız Azərbaycan dilinə yüksək dərəcədə məsuliyyətlə yanaşan mütəxəssislərin iştirakı ilə mümkündür. Bakı və digər iri şəhərlərdə reklamların, müəssisə adlarının və müxtəlif nominasiyaların çoxunda Azərbaycan dilindən düzgün istifadə olunmaması da narahatedici haldır. Adların, lövhələrin və yazıların əksəriyyəti Azərbaycan dilində və dilin qaydalarına uyğun şəkildə tərtib edilməlidir”, - deyə o diqqətə çatdırıb.
Professorun sözlərinə görə, əgər bütün bu məsələlərə ciddi yanaşılmasa və dilimizin bütün sahələrdə tətbiqinə nail olunmasa, Azərbaycan dilinin inkişafı, lüğət fondu və istifadəsi sahəsində gözlənilən nəticələrə çatmaq çətin olacaq: “Bu işə yalnız dilçilər deyil, bütün sahələrdə çalışan mütəxəssislər cəlb olunmalıdır. Onların yazı mədəniyyəti, elmi ifadə tərzi, terminologiyadan istifadə bacarığı mükəmməl olmalıdır ki, ana dilimizin keşiyində layiqincə dayana bilək”.
O əlavə edib ki, terminologiya sahəsində məqsəd müxtəlif dillərdə mövcud olan terminlərin Azərbaycan dilində uyğun qarşılığının tapılması və bu sözlərin lüğət fondumuza tam şəkildə daxil olaraq işlək hala gəlməsidir.