SİYASƏT
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik ikinci səsvermədə təsdiqlənib
![“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik ikinci səsvermədə təsdiqlənib](/files/2023/2/1200x630/16893217301863730970_1200x630.jpeg)
Bakı, 14 iyul, AZƏRTAC
Parlament “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsini ikinci səsvermədə təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin iyulun 14-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Layihə normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi və effektivliyinin təmin edilməsi, normayaratma texnikasının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Sənədə əsasən, normativ hüquqi aktların yalnız layihələrinin hazırlanması deyil, eyni zamanda, onların razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydasının xüsusiyyətlərinin, onlar üçün texniki-hüquqi tələblərin müvafiq qaydalarla müəyyən edilməsi təklif olunur. Bundan başqa, 2024-cü il yanvarın 1-dən normativ hüquqi aktın layihəsinin hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcəkdir.
Konstitusiya qanunu layihəsində, həmçinin dəyişikliklər olunan və ya ləğv edilən normativ hüquqi aktların adlarının göstərilməməsinə yol verilən hallar müəyyən olunur.