Novruz bayramına həsr olunmuş “Gənc Bahar” layihəsi uğurla başa çatıb









Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Novruz bayramına həsr olunmuş “Gənc Bahar” layihəsi uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, tədbir Dənizkənarı Bulvar İdarəsinin ərazisində 4 mindən çox tələbə gəncin iştirakı ilə baş tutub. Əsas məqsəd Novruz bayramını müasir və kreativ formatda qeyd etmək, gənclərin milli adət-ənənələrlə yaxından tanışlığını təmin etmək, onların yaradıcılığını və sosial aktivliyini artırmaq olub. “Gənc Bahar” tədbiri çərçivəsində müxtəlif interaktiv zonalar təşkil edilib. “Yaradıcı gənclik və musiqi zonası”nda istedadlı gənclərin ifaları təqdim olunub. “Bahar səsləri” proqramı çərçivəsində gənc musiqiçilər pop, caz və milli musiqi janrlarında çıxışlar edib, milli musiqi alətləri ilə müasir DJ performanslarının sintezi nümayiş olunub, həmçinin "Bahar rəngi" art performansı çərçivəsində gənc rəssamlar Novruz mövzusunda öz əsərlərini sərgiləyiblər.
Tədbirin digər maraqlı hissələrindən biri isə küçə musiqisi və milli rəqs şousu olub.
“Gənc Bahar” layihəsi gənclərin mədəni irsimizi müasir üslubda tanıması və yaradıcılıqlarını ifadə etməsi üçün əhəmiyyətli platforma rolunu oynayıb, eyni zamanda, müxtəlif kreativ və interaktiv proqramlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Layihə Azərbaycan Respublikasının Gənclər Fondu və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə həyata keçirilib.