Oğuzda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Oğuz, 21 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Oğuz rayonunda da silsilə tədbirlər, anma mərasimləri keçirilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, faciənin ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq, rayonun təhsil və mədəniyyət müəssisələrində, kitabxanalarda inşa yazı və rəsm müsabiqələri, konfranslar, xatirə gecələri, tematik dərslər, “dəyirmi masa”lar, şəhid ailə üzvləri ilə görüşlər keçirilmiş, müxtəlif idman yarışları təşkil olunmuşdur. Hüzn günü ərəfəsində məktəblərdə ilk dərslər 20 Yanvar mövzusuna həsr edilmişdir.
Yanvarın 19-da rayon icra hakimiyyətinin akt zalında anma mərasimi keçirilmişdir. İctimaiyyət nümayəndələrinin, ziyalıların, müharibə veteranlarının qatıldıqları mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Aydın Əlihüseynov 20 Yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Qanlı Yanvar faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək, Vətənimizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.
Yanvarın 20-də rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid həmyerlilərin uyuduğu “Şəhidlər xiyabanı”nı ziyarət etmiş, qəhrəman Vətən oğullarının məzarları üzərinə əklillər qoymuş, gül-çiçək dəstələri düzmüşlər. Həmin gün məscidlərdə şəhidlərin ruhuna dualar oxunmuşdur.