OĞUZDA SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Oğuz, 1 aprel (AZƏRTAC). Oğuz Rayon İcra Hakimiyyətinin akt zalında 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı konfrans keçirilmişdir.
Tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi anılmışdır.
Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Aydın Əlihüseynov məkrli qonşularımızın zaman-zaman başımıza gətirdikləri dəhşətli faciələrin, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı” haqqında 1998-ci il 26 mart tarixli Fərmanının böyük tarixi əhəmiyyət daşıdığını bildirmiş, 31 martın soyqırımı günü elan edilməsini tarixi həqiqətlərin üzə çıxmasına təkan verən mühüm siyasi-hüquqi sənəd kimi dəyərləndirmişdir.
Konfransda icra hakimiyyəti başçısının müavini Cumar İsayevin “Azərbaycanlılara qarşı soyqırımı siyasəti” mövzusunda məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdükləri soyqırımı və deportasiya siyasəti nəticəsində azərbaycanlılar öz əzəli torpaqları olan İrəvanı, Göyçə və Zəngəzuru itirmişlər. XX əsrin sonunda isə erməni işğalçıları Dağlıq Qarabağı və ətraf 7 rayonu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayılı zəbt etmişlər.
Məruzə və çıxışlarda ermənilərin iki yüz ildən artıq bir müddətdə xalqımıza qarşı törətdikləri kütləvi qırğınlar, terror aktları konkret faktlarla diqqətə çatdırılmış, Ermənistanın bu gün də davam edən təcavüzkar siyasəti qətiyyətlə pislənilmişdir.