OLİMPİADA XƏBƏRLƏRİ
AzərTAc xarici informasiya agentliklərinin məlumatlarına əsasən xəbər verir
Ədliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən İTA əməkdaşlarını idman tədbirlərinə öz tarixində ilk dəfə göndərir. İTA nümayəndəsinin sözlərinə görə, bu qərar beynəlxalq əhəmiyyət daşıyan kütləvi tədbirlərdə terror aktları təhlükəsinin artması ilə əlaqədar qəbul edilmişdir.
Yaponiya Milli Polis İdarəsi (MPİ) da əməkdaşlarından bir qrupunu Olimpiadanın paytaxtına göndərməyi qərara almışdır. Onlar Yunanıstana bazar günü yola düşəcəklər. Gözlənildiyinə görə, Yaponiya idmançıları da Afinaya bazar günü gələcəklər. Bu, MPİ əməkdaşları üçün də Olimpiya oyunlarına ilk ezamiyyətdir. İdarənin nümayəndəsi bildirmişdir ki, Yunanıstanın hakimiyyət dairələri Yaponiyanı terrorçuların potensial hədəflərinin ikinci qrupuna aid edirlər. Birinci qrupa ABŞ, Böyük Britaniya və İsrail daxildir.
X X X
Latviya Milli Razılıq Partiyasının rəhbərliyi partiyadaşını – güllə atıcısı Afanasi Kuzmini Afina Olimpiadasına təntənəli şəraitdə yola salmışdır. Kuzmin 57 yaşında olsa da, idmançılar demişkən, mübariz formadadır və partiyadaşları inanırlar ki, uzaq Ellada torpağından “qənimət”lə qayıdacaqdır.
Daha bir diqqətəlayiq fakt. Qocaman idmançı Olimpiada oyunlarında yeddinci dəfə (!) mübarizə aparacaqdır. Buna görə də onu dördilliyin qarşıdakı ən mötəbər yarışlarının iştirakçıları arasında ən təcrübəli idmançı hesab edirlər.
X X X
Avstraliya Olimpiya Komitəsinin prezidenti Con Kouts ölkə yığma komandasının Afina Oyunlarında nə kimi nəticələr göstərəcəyi planlarını açıqlamışdır. O demişdir ki, komandanın qarşısına Olimpiadada idmanın 12 növündə 46 medal qazanaraq, qeyri-rəsmi hesabda ilk beş komanda sırasına çıxmaq vəzifəsi qoyulmuşdur. Avstraliyalılar ən çox üzgüçülərə ümid bəsləyirlər. Onlar medalların üçdə bir hissəsindən çoxunu qazanmalıdırlar.
X X X
NATO-nun hərbi gəmiləri Yunanıstan sahillərində keşik çəkməyə başlamışdır. Burada yeddi gəmi və sualtı qayıq lövbər salmışdır.
NATO nümayəndəsi demişdir: “Gəmilərimiz beynəlxalq sulardan Yunanıstan sularına gələn gəmiləri nəzarətdə saxlayır. Onlar şübhəli gəmiləri Yunanıstan sularına daxil olmazdan əvvəl ətraflı yoxlayacaqdır”.
X X X
İndi Afinaya təkcə idmançılar və məşqçiləri deyil, kütləvi informasiya vasitələrinin nümayəndələri də gəlməyə başlamışlar.
Olimpiada Təşkilat Komitəsinin rəsmi nümayəndəsi bildirmişdir ki, indiyədək xarici KİV-lərin 9500-dən çox nümayəndəsi qeydiyyatdan keçmişdir. Gözlənildiyinə görə, Afina Olimpiadasının gedişini 10 mindən çox jurnalist işıqlandıracaqdır.