Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər keçirilmişdir
Bakı, 20 fevral (AZƏRTAC). Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən fevralın 16-dan 18-dək növbəti reydlər keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, paytaxtın Nərimanov rayonunun Ə. Əliyev küçəsində F. Hacıyev, Nizami rayonunun Naxçıvanski küçəsində A. Namazov tərəfindən ov quşlarının qanunsuz satışı aşkar edilmişdir. Qanun pozucularından, ümumilikdə 49 ədəd ov quşu (44 qaşqaldaq, 3 ördək və 2 çöl göyərçini) götürülmüş və yandırılaraq məhv edilmişdir. F.Hacıyev və A.Namazovun hər birinə 200 manat məbləğində cərimə tətbiq edilmiş və ödənilməsi təmin olunmuşdur.
Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə nazirliyin əməkdaşlarının Biləsuvar rayonunun Xıllı, Hacıqabul rayonunun Padar kəndləri ərazisində keçirdikləri reydlər zamanı yol kənarında qanunsuz ov quşlarının satışı aşkar edilmiş və müvafiq qaydada sənədləşdirilmiş, götürülmüş 4 qaşqaldaq və 3 bəzgək quşu isə yandırılaraq məhv edilmişdir.
Şabran, Xızı, Siyəzən, Ağsu və Astara rayonları ərazisində keçirilən reydlər zamanı qanunsuz ov edən 17 nəfər saxlanılmış onlardan 17 ov tüfəngi götürülmüşdür. Qanun pozucularından götürülmüş 8 qaşqaldaq və 3 çirok quşu yandırılmışdır. Fakt üzrə 10 nəfərə 1000 manat məbləğində cərimə tətbiq edilmiş, digərlərinin isə şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.
Ağgöl Milli Parkı, Qızılağac və İlisu dövlət təbiət qoruqları, Qırmızıkənd, Zəvvar və Ağzıbir ovçuluq təsərrüfatlarında keçirilən reydlər zamanı mühafizə rejimini pozan 8 şəxs saxlanılmış, onlardan 10 ov tüfəngi və 46 patron götürülmüşdür.