ÖLKƏDƏ PAMBIQ YIĞIMINA BAŞLANMIŞDIR
Bakı, 7 sentyabr (AZƏRTAC). Kənd Təsərrüfatı Nazirliyindən bildirmişlər ki, Sabirabad, Saatlı, Neftçala rayonlarında artıq pambıq yığımına start verilmişdir. Avqust ayında havaların qeyri-qənaətbəxş olması bir sıra rayonlarda bu işi ləngitmişdir. Sentyabrın ikinci öngünlüyündə qalan rayonlarda da pambıq yığımı başlayacaqdır.
Bu il 21 min hektarda pambıq əkilmişdir. Bu, ötənilkindən 56,5 faiz azdır. Yeri gəlmişkən, dövlət tərəfindən buğda əkinininə görə 80 manat (bir hektar üçün), digər kənd təsərrüfatı məhsullarının əkini üçün isə 40 manat subsidiyanın verilməsi səbəbindən fermerlər taxıl əkininə üstünlük vermişlər. Bununla belə, bir hektar üçün 20-25 sentner məhsul verən məhsuldar sortların əkilməsi yaxşı məhsul olacağından xəbər verir. Əkin sahələrindən 40 min tona yaxın pambığın yığılması proqnozlaşdırılır. Pambıq emalı müəssisələri 26 min hektarda becərmə işləri aparmaq barədə müqavilə bağlamış, sahələri artırmaq üçün 5 min hektar torpaq icarəyə götürmüşlər. Müvafiq zavodlar bu il 1 kiloqram xam pambığın qiymətini 33 qəpikdən 37 qəpiyə qaldırmışlar. Müqavilələrə əsasən, bir hektardan 16 sentnerdən artıq pambıq yığan fermerə hər ton üçün 100 manat mükafat veriləcəkdir. Kənd Təsərrüfatı Naizrliyinin mütəxəssisləri hesab edirlər ki, bu il əlverişli hava şəraiti olsa yaxşı məhsul götürüləcəkdir.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasında “Pambıqçılıq haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulmuşdur. Qanun layihəsində pambıqçılığın inkişafına dövlət dəstəyi nəzərdə tutulur.
Xatırladaq ki, ötən il ölkəmizdə 48,2 min hektar sahədən 55,4 min ton pambıq yığılmış, hər hektardan 11,5 sentner məhsul götürülmüşdür.