Ölkəmiz Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin turizm nazirlərinin iclasında təmsil olunub
Bakı, 14 avqust, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin turizm nazirlərinin dördüncü və turizm üzrə işçi qrupunun on üçüncü iclası keçirilib. Tədbirlərdə ölkəmizi Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində Dövlət Turizm Agentliyinin əməkdaşları Cəmilə Talıbzadə və Cavid Abdullayev, həmçinin turizm sənayesinin nümayəndələri də daxildir.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, 40-dək qonağın qatıldığı iclasda türkdilli ölkələrin vahid turizm məhsulu olan “Müasir İpək Yolu” marşrutu layihəsi ətraflı müzakirə edilib, bu marşrutun təbliğatının və satışının genişləndirilməsi istiqamətində üzv dövlətlərin görəcəyi işlər və ümumi tədbirlər planı razılaşdırılıb.
Görüş çərçivəsində çıxış edən səfir Rəşad Məmmədov türkdilli ölkələrin İpək Yolu layihəsi üzrə əməkdaşlığının vacibliyini qeyd edərək, “Müasir İpək Yolu” marşrutu layihəsinin türkdilli ölkələrin ümumi irsinin və turizm ehtiyatlarının dünya miqyasında tanıdılmasında, eləcə də turist axınlarının sayına verəcəyi töhfədən bəhs edib.
Türk Şurasının 2013-cü ildə Qəbələdə keçirilən üçüncü Zirvə toplantısı zamanı turizm sahəsinin əhəmiyyəti üzv dövlətlərin başçıları tərəfində vurğulanaraq görüşdə qəbul edilmiş qərara əsasən həmin il turizm üzrə işçi qrupu yaradılıb. İndiyədək keçirilmiş iclaslar çərçivəsində İpək Yolu regionunda olan türkdilli ölkələr arasında münasibətlərin genişləndirilməsi, əməkdaşlıq əsasında turizmin inkişaf etdirilməsi, İpək Yoluna dair yeni turizm məhsullarının yaradılması, habelə birgə marketinq fəaliyyətinin təşkili və digər mühüm məsələlər barədə müzakirələr aparılıb.
Təşkilatın hazırda üzərində işlədiyi ən mühüm layihələrdən biri olan “Müasir İpək Yolu” layihəsidir. Layihə turistlərə dörd ölkədən (Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan) keçəcək turizm marşrutunu təklif edir. Layihənin özəlliyi ondan ibarətdir ki, turistlər dörd ölkədə olmaqla tarixi İpək Yolu boyunca uzanan bu ölkələrin mədəniyyətlərini, tarixini, adət-ənənələrini daha yaxından tanıyacaqlar. 2023-cü ilə kimi 1 milyondan çox turistin bu turpaketdən yararlanması planlaşdırılır.