Orlandoda atışma: polis “çoxsaylı qurbanlar” olduğunu bildirir VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
ABŞ-ın Orlando şəhərində (Florida ştatı) atışma olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yerli polis idarəsi insident nəticəsində “çoxsaylı qurbanlar”ın olduğunu bildirir.
“Oranc-kaunti şerifi ofisinin əməkdaşları hadisə yerində işləyirlər, vəziyyət nəzarət altına alınıb. Çoxsaylı qurbanlar var. İlk imkan yaranan kimi şerif əlavə məlumat verəcək”, - polisin Twitter səhifəsində belə deyilir.
CNN-in yaydığı məlumata görə, atışma şəhər kənarındakı sənaye zonalarından birində baş verib. Polis hadisə yerində bir neçə küçəni bağlayıb.
WFTV telekanalı atəş açan şəxs də daxil olmaqla, 5 nəfərin öldüyü barədə xəbər yayıb. Hadisənin terrorla əlaqəsinin olmadığı bildirilir.