Ornitoloq: Xəzərdə su səviyyəsinin enməsi dəniz quşları üçün təhlükə yarada bilər ŞƏRH
Bakı, 18 noyabr, Leyla Muradzadə, AZƏRTAC
Xəzər dənizində su səviyyəsinin enməsi bir çox problemlər yarada bilər. Bu, çay deltalarında münbit bataqlıq və qamışlıq landşaftların məhvinə səbəb ola bilər. Halbuki bu ərazilər su-bataqlıq quşları üçün həyati vacib məkanlardır və onların bir hissəsi Ramsar kimi beynəlxalq konvensiyalarla qorunur. Bizdə də Qızılağac körfəzi bu siyahıya daxildir, amma idarəetmənin düzgün qurulmaması səbəbindən ekoloji balans artıq ciddi şəkildə pozulub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ornitoloq, müstəqil araşdırmaçı Zülfü Fərəcli deyib.
“Digər tərəfdən, məsələni qida zənciri baxımından da dəyərləndirsək, suyun azalması bir çox yerdə balıq populyasiyalarının zəifləməsi, quşların yuva qurduğu ərazilərinin daralması və ümumi biokütlənin azalması ilə nəticələnir. Bu isə birbaşa həmin balıqlarla qidalanan quşlara, həmçinin ekosistemin digər canlılarına təsir göstərir”, - deyə ornitoloq əlavə edib.
Onun sözlərinə görə, nəticə olaraq, su səviyyələrinin aşağı düşməsi nə quşlar, nə digər canlılar, nə də insanlar üçün təsirsiz ötüşmür, əksinə, bütöv ekosistemin gələcəyini risk altına qoyur.
Zülfü Fərəcli qeyd edib ki, suyun səviyyəsi yenməyə davam etsə, bir çox ada potensial olaraq quruya birləşə və nəticədə orda çoxalan dəniz quşlarının koloniyaları həm insan, həm də yırtıcı heyvan təsirinə məruz qalacaq.