İQTİSADİYYAT
Ötən il “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə 33 min müraciət daxil olub
Bakı, 25 yanvar, Elvira Məmmədova, AZƏRTAC
2017-ci ildə “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə 33 min müraciət daxil olub və 30 min abonentin elektrik şəbəkəsinə qoşulması uğurla həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 25-də “Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsilə həyata keçirdiyi yeniliklər, xüsusilə də “Doing Business”in tələblərinə uyğun görülən işlərlə bağlı keçirilən tədbirdə ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmov məlumat verib.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "ASAN xidmət" brendi və Strateji Yol Xəritəsinə uyğun olaraq, "Azərişıq" ASC tərəfindən aparılan islahatlardan danışıb.
Sonra yeni yaradılan Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin “ASAN xidmət”lə birgə həyata keçirilən yeniliklər, “ASAN Kommunal” vasitəsilə texniki şərtlər və digər xidmətlər üzrə daxil olan müraciətlərin sadələşdirilmiş formaya salınmasından, elektron qaydada edilən prosedurlar barədə məlumat verilib. Həmçinin beynəlxalq təcrübədən yararlanma və fəaliyyətin daha çevik formada aparılmasından bəhs olunub.
“Azərişıq” ASC-nin nümayəndəsi Vüqar Əliyev qeyd edib ki, Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. ASC-nin məqsədi Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlar və reytinqlərdə, həmçinin “Doinq Business” hesabatında mövqeyinin yaxşılaşdırılması, həmçinin sahibkarlar üçün əlverişli mühitin yaradılmasıdır.