Ötən il dünyada ətraf mühiti qoruyan 197 nəfər qətlə yetirilib
Bakı, 7 mart, AZƏRTAC
2017-ci ildə dünyanın müxtəlif ölkələrində hər həftə dörd ətraf mühit mühafizəçisi qətlə yetirilib.
AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, ötən il təbiətə qənim kəsilənlər tərəfindən 197 ətraf mühit mühafizəçisi öldürülüb. Son illər qətlə yetirilənlərin sayının artması qlobal iqtisadiyyatın ətraf mühiti daha aqressiv ekspansiyası və artan istehlak tələbi ilə əlaqələndirilir.
Qəzetdə dərc olunmuş məqalədə bildirilir ki, ətraf mühit mühafizəçilərinin daha çox qətlə yetirildiyi yer Latın Amerikası ölkələrindəki meşəlik ərazilərdir. Braziliyadakı Amazon meşələrində 46 mühafizəçinin öldürülməsi tikinti bumunun inşaat materiallarına artan tələbatı ilə bağlıdır. Digər sənaye sahəsi - mədənçilikdə yaranmış münaqişələr 36 insanın ölümünə səbəb olub. Kolumbiyada 32 nəfər narkomafiyanın, Peruda isə 6 fermer meşə ərazilərini palma yağı biznesi üçün ələ keçirən quldur dəstənin qurbanı olub.
Filippinin Lumad əyalətində Sebu gölü ətrafındakı ərazidə öldürülən 41 sakinin rəsmi olaraq əsgərlərlə silahlı mübarizədə öldürüldüyü iddia edilsə də, ətraf mühitin mühafizəsi üzrə fəallar onların kömür mədənlərinə etiraz etdiklərinə görə qətlə yetirildiyini bildirirlər.
Avropa İttifaqının maliyyələşdirdiyi Ətraf Mühitin Ədalət Atlasında su mənbələri, torpaq sahələri, sənaye müəssisələrinin əraziləri çirkləndirməsi zəminində 2335 münaqişə qeydə alınıb və bu halların getdikcə artdığı vurğulanır.
Bu problem ilə bağlı BMT-nin insan haqları və ətraf mühit üzrə xüsusi məruzəçisi Jon Kox hökumətlərə nəzarəti gücləndirməyi və şəffaflığın təmin edilməsi üçün medianın roluna daha çox önəm verməyi təklif edib. Onun sözlərinə görə, ətraf mühit mühafizəçiləri uzun illərdir təhlükələrlə üzləşirlər, onların qətlinə dair hesabatlar isə konkret ölkənin hökumət orqanları tərəfindən ciddi araşdırılmalıdır.